Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elektron vizaların rəsmiləşdirilməsi ilə əlaqədar şirkətlərin akkreditasiyası şərtlərinin müzakirəsi məqsədilə gəlmə turizm sahəsində ixtisaslaşan turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 15 aparıcı turizm şirkətinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə şirkətlərin akkreditə müddəti, turizm şirkətlərinin qarşısında qoyulan minimal tələblər, qaydaların pozulmasına görə müvafiq sanksiyalar, elektron viza sistemi ilə işləyəcək turizm şirkətlərinin əməkdaşları üçün müvafiq treninqlərin keçirilməsi və digər məsələlər müzakirə edilib. Turizm şirkətlərinin nümayəndələri yaradılan elektron viza sisteminin turizm sənayesinin qarşısında duran problemlərin həll olunmasına zəmin yaradacağına və gəlmə turizmin daha da inkişaf etdirilməsinə, ölkəyə daha çox gəlirlərin cəlb olunmasına zəmin yaradacağına əmin olduqlarını qeyd ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin noyabrın 30-da aidiyyəti qurumlara Azərbaycanda elektron vizanın rəsmiləşdirilməsi sisteminin yaradılması tapşırılıb. Bu mövcud viza rejiminin sadələşdirilməsinə və ölkəmizə gələn turistlərin sayının artırılmasına yönəldilib.