Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycanın Diversifikasiya Tədqiqatı” üzrə əldə edilən nəticələri təqdim etmək məqsədilə ölkəyə səfər edən Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad və DB-nın Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko ilə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, görüşdə Dünya Bankı ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq münasibətlərindən söz açan Əli Abbasov ölkəmizdə bazar iqtisadiyyatının qurulması, modern infrastrukturun yaradılması, maliyyə sektorunun inkişafı sahəsində görülən işlərə Dünya Bankının aktiv dəstək verdiyini vurğulayıb.
Əli Abbasov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dünya Bankı ilə əlaqələrindən, xüsusən bankın dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı layihəsi”ndən, “Azərpoçt” DM-nin mövcud platformasından istifadə etməklə, Azərbaycanda maliyyə xidmətlərinin inkişafına şəraitin yaradılması, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsindən danışıb. O, yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş həcmli xidmətlərin təklifi üzərində işlərin uğurla həyata keçirildiyini, Dünya Bankı ilə qurulan əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Səfərin missiyasından söz açan Mona Prasad qeyd edib ki, görüşün məqsədi “Azərbaycanın Diversifikasiya Hesabatı” üzrə müəyyən edilən məsələlər və gəlinən qənaətlərin müzakirəsi əsasında məsləhət və şərhlərin öyrənilməsi, fikir mübadiləsinin aparılmasıdır. Onun sözlərinə görə, ötən 10 il ərzində Azərbaycanda İKT, telekommunikasiya, internet, peyk sənayesinin qurulması və digər istiqamətlərdə səmərəli işlər həyata keçirilib. Bu sahədə qazanılan uğurlar isə yalnız Azərbaycanın deyil, dolayısı ilə region ölkələrinin iqtisadiyyatına da töhfə verib. Mona Prasad deyib ki, İKT sahəsində aparılan diversifikasiya ümumi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox doğru addım kimi qiymətləndirilir: “Dünya Bankı fiziki kapital, insan kapitalı və dövlət təsisatlarının islahatları kimi 3 istiqamət üzrə diversifikasiyanın tərəfdarıdır. Məhz bu istiqamətlər ölkələrin iqtisadiyyatının davamlılığını təmin edəcək amillər kimi qiymətləndirilir”.
Qeyd edək ki, görüşdə səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla hesabat yenidən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndəriləcək və yekun tövsiyələr hökumətə təqdim olunacaq.