APA-nın xəbərinə görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirin təşkilati işlərinin yüksək səviyyədə aparıldığı qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında yol-nəqliyyat, su təchizatı və kanalizasiya, bərk tullantıların idarə olunması və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Dünya Bankı ilə “Azərişıq” ASC arasında artıq əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin aparıldığı qeyd edilib.
Ölkəmizdə həyata keçirilən bir sıra layihələr, o cümlədən “ASAN xidmət” sahəsində görülən tədbirlər də yüksək qiymətləndirilib, Dünya Bankının “ASAN xidmət” ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, dünyada gedən maliyyə böhranına baxmayaraq, iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, hökumətin maliyyə və büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində apardığı işlər, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi sahəsində qazanılan nailiyyətlər, kənd təsərrüfatında aparılan islahatlar, ölkənin iqtisadi potensialının artması fonunda ixrac bazarlarının müəyyənləşdirilməsi, infrastruktur layihələrinin icrası, ictimai sektor, əhalinin sosial müdafiəsi, ölkənin mühüm nəqliyyat-tranzit əhəmiyyətinin artması, sosial, təhsil, yeni iş yerlərinin yaradılması, regionların inkişafı və digər sahələrdə icra olunan layihələr və həyata keçirilən işlərdən danışılıb.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.