Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası keçirilib.
DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fondun sədri Səlim Müslümov deyib ki, 2012-ci il ərzində DSMF-in gəlirləri əvvəlki ilə nisbətən 355 milyon manat və ya 17 faiz artaraq 2 mlrd. 475 mln. manat təşkil edib.
Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2011-ci ilə nisbətən 16 faiz artaraq 1 mlrd. 424 milyon manat olub. Sosial sığorta daxilolmalarının 62 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb, il ərzində qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqları üzrə proqnoz 114 faiz yerinə yetirilib, bu sektordan 877 mln. manat və ya 2011-ci ilə nisbətən 159 mln. manat, yaxud 22,1 faiz çox vəsait daxil olub. Bu, Fondun fəaliyyət dövrü ərzində proqnozun icrası üzrə ən yuxarı rəqəmdir. Bu artım büdcə təşkilatlarından daxilolmalar üzrə yaranmış 90,7 mln. manat kəsirin aradan qaldırılmasına və 2013-cü il yanvarın 1-nə Fondun xəzinə hesabında 23 mln. manatlıq sərbəst qalığın yaranmasına imkan verib.
Səlim Müslümov bildirib ki, qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının belə sürətli artımı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında işləyənlərin və onlara iş yerlərindən ödənilən maaşların qeydiyyatı sahəsindəki problemlərin həllinə dair verdiyi tapşırığın icrası nəticəsində təmin olunub. Vergilər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi və DSMF-in həyata keçirdiyi birgə tədbirlər nəticəsində il ərzində 300 minə yaxın sığorta olunan əlavə qeydiyyata alınıb. DSMF səlri əlavə edib ki, il ərzində dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 1044 milyon manat təşkil edib. Fondun gəlirlərinin həcmi xərclərinin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2012-ci ildə Fondun xərcləri 2 mlrd 457 milyon manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2012-ci il ərzində 2404 mln. manat və ya 2011-ci ilə nisbətən 338 mln. manat çox vəsait sərf olunub, ödəmələr hər ay içərisində tamamlanıb.
Keçən il “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası olaraq DSMF tərəfindən əhaliyə interaktiv və informativ elektron xidmətlərin göstərilməsi işi daha da təkmilləşdirilib. Dövlət xəzinədarlıq agentliyinin “Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”ndən (KÖMİS) istifadə edən yerli orqanlar üzrə sığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu məqsədilə Mərkəzi Bank və DSMF arasında “AzDataKom” şəbəkəsi üzərində rabitə kanalı qurulub və Fondun müvafiq yerli orqanları üzrə uçot məlumat bazası KÖMİS-ə inteqrasiya edilib. 1 yanvar 2013-cü il tarixinə Fondun 36 yerli orqanı üzrə 223 712 sığortaedənin uçot məlumatı KÖMİS-in məlumat bazasına yüklənib. Eyni zamanda sığorta edənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığorta olunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb. Hər bir işləyən şəxsin gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsində maraqlı olması, beləliklə, inzibati nəzarətin daha səmərəli ictimai nəzarətlə əvəzlənməsi məqsədilə Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığorta olunanların məlumatlandırılması xidməti təşkil olunub.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2012-ci ildəki fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2013-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.