“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində keçirilən “Layihələrin icrası vəziyyətinin müzakirəsi günü”nün növbəti iclasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamın icrası istiqamətində görülən işlər, 2013-cü ildə həyata keçiriləcək layihələr müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, yığıncağı giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov açaraq Dövlət Proqramının icrası istiqamətində 2012-ci ildə görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.
O bildirib ki, proqram təminatının alınması məqsədi ilə 2012-ci ilin 21 dekabr tarixində ST Group (Belorus), Belsoft Borlas Group (Belorus) və Eurosell MMC (Azərbaycan) şirkətlər birliyindən ibarət Məsləhətçi ilə müqavilə imzalanıb. Dünya təcrübəsini və Dünya Bankının mütəxəssislərinin rəylərin əsasən bu cür proqram təminatının tətbiqi “Azərbaycan Dəmir Yolları”-nın rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını və şəffaflığını, əməliyyat-iqtisadi effektivliyini və potensialının gücləndirməsinə xidmət edəcək.
Keçirilən tədbirdə “Belsoft Borlas (Belorus) podratçı şirkətinin Biznes analizi departamentinin rəisi Kiril Matox, İstehsalat məsələləri üzrə direktor müavini Eduard Serdyukov, “Eurosel” şirkətinin Məhəmməd Zülfüqarlı, layihə meneceri Rauf Əliyev, G&G consulting şirkətinin direktoru Güner Küçük, direktor müavinləri Ceyhan Güner, Selma Gerçek, texniki məsələlər üzrə mütəxəssis Hasan Turqut iştirak ediblər. “Belsoft Borlas (Belorus) podratçı şirkətin Biznes analizi departamentinin rəisi Kiril Matox layihənin elektron versiyasını iştirakçılara təqdim edib.