Daha iki rayonda heyvanlar arasında yoluxucu xəstəlik yayılıb
17 iyul 2014 20:14 (UTC +04:00)

Daha iki rayonda heyvanlar arasında yoluxucu xəstəlik yayılıb

Ağdaş rayonunda da iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılıb.

APA-nın yerli bürosunun məlumatına görə, yoluxucu xəstəlik rayonun Hapıtlı kəndində mal-qara arasında yayılıb.

 

Əvvəl 3 inəkdə aşkarlanan xəstəlik qısa müddətdə həşəratlar vasitəsilə xeyli heyvana yoluxub. Dərhal kəndə 4 həkim briqadası cəlb edilib. Mal-qara müayinə olunub, onların dəri xəstəliyi olan “nodulyar dermatit” xəstəliyinə yoluxduğu müəyyən edilib.

 

Dərhal heyvanların profilaktik və simptomatik müalicəsinə başlanılıb. Kənd sakinlərinin sözlərinə görə, həşəratlar vasitəsilə “nodulyar dermatit” xəstəliyinə yoluxan heyvanlarda əvvəlcə qızdırma halları olur, sonra onların dərisində qoz və fındıq boyda şişlər əmələ gəlir, heyvanların iştahası zəifləyir, halsızlaşırlar və qidalanması kəsilir.

 

Kənddə 4 baş inək qızdırma səbəbindən ölüb, digər heyvanların tələf olmasının isə qarşısı alınıb, hazırda onların müalicəsi davam etdirilir.

 

Ağdaş rayon Baytarlıq İdarəsinin müdiri Sahib Qurbanov APA-ya bildirib ki, yayılan yoluxucu xəstəliklə bağlı Hapıtlı kəndində karantin elan edilib. Kənddən ətlik və südlük mal-qaranın çıxarılması və başqa yerdən həmin kəndə heyvanların gətirilməsi qadağan olunub. Kənd sakinlərinə heyvanların südündən və ətindən istifadə edilməməsi məsləhət görülüb. Hazırda mal-qara tövlələrdə həkim nəzarətində saxlanılır. Bundan əlavə, rayon Baytarlıq İdarəsinin həkimləri Ağdaşdakı heyvan bazarında satılan mal-qara arasında bu yoluxucu xəstəliyin yayılmaması üçün tədbirlər görürlər. Bazara gətirilən heyvanlar yoxlanılır, hansısa xəstəliklə bağlı şübhəli heyvanların satışına icazə verilmir, geri qaytarılır. Heyvan bazarında, eləcə də Hapıtlı kəndindəki bütün həyətyanı sahələrdə, tövlələrdə dezinfeksiya işləri aparılır.

 

Baytar həkimlərin sözlərinə görə, heyvanlar vaxtında sistematik müalicəyə cəlb edilməsə və kreolin, blotik və neasidol preparatları ilə tez-tez çimizdirilməsə, tələfat arta bilər. Heyvanlar müalicəyə cəlb edildikdə, 10 gün ərzində sağalır.

 

Hazırda Hapıtlı kəndində 550 baş iribuynuzlu heyvan var, onlardan 50-nin bu xəstəliyə yoluxduğu bildirilir.

 

İribuynuzlu heyvanlar xəstəlik Ucar rayonunun Şahlıq kəndində də yayılıb. Yerli sakinlər APA-ya xəstəliyə tutulan heyvanın əvvəlcə qidadan kəsildiyini, sonra isə bədəninin müxtəlif yerlərinin şişərək, 2-3 gün ərzində öldüyünü deyiblər. Onların sözlərinə görə,  son günlər 3 heyvan xəstəlikdən ölüb.

 

Ucar Rayon Baytarlıq İdarəsindən APA-ya rayonun Şahlıq kəndində heyvanlar arasında xəstəliyin yayıldığını təsdiqləyiblər.

 

İdarədən onu da deyiblər ki, xəstəliyə tutulan heyvanların müalicəsi üçün lazımi addımlar atılır, heyvandarlıq təsərrüfatlarında dezinfeksiya işləri görülür.

 

Hazırda vəziyyət sabitdir.

 

Qeyd edək ki, Cəlilabad rayonunda da heyvanlar arasında “nodulyar dermatit” xəstəliyi yayılıb. Tələfat olduğu bildirilir.  

 

# 1490
avatar

Oxşar yazılar