“Mayın 20-də Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının toplantısı keçiriləcək. Şuranın iclası zamanı Azərbaycandan İrana və Rusiyaya dəmir yollarının tikintisi ilə bağlı məsələyə baxılacaq”.
“APA-Economic”ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Azərbaycanın Astaraya qədər birxətli dəmir yolu var. Şimal-Cənub Dəhlizi Azərbaycan üçün vacibdir və prezident İlham Əliyev bu barədə qərar qəbul edib. Artıq bununla bağlı İran və Rusiya ilə müqavilə imzalanıb. Şimal-Cənub Dəhlizi ilə bağlı İran Astarasından Bəndərabbasa qədər dəmir yolu çəkilməlidir, İran tərəfi isə bu yolu çəkmədiyi üçün bu məsələ gələcəyin işidir. Şuranın toplantısında bu məsələyə də yenidən baxacağıq. Şimal-Cənub Dəhlizi çərçivəsində İranın Bəndərabbas şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə dəmir yolu xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu yolun təşəbbüskarları sırasında Rusiya, Hindistan və İran var”, - deyə C. Qurbanov bildiribⅦ
Sədr qeyd edib ki, Şimal-Cənub Dəhlizi Azərbaycan iqtisadiyyatı üçün vacib layihədir: “Buna görə də Azərbaycanın coğrafi mövqeyindən istifadə edib ölkəmizi tranzit ölkəyə çevirmək lazımdır. Bununla bağlı, Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq ekspeditor qruplar yaradılacaq. Ümid edirik ki, bu yolun inşası Azərbaycanda yükdaşımaları artıracaq, dəmir yolunun inkişafına kömək edəcək”.