Mayın 21-də Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə baş katibinin müavini Hadil da Roşa Viannanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) işgüzar görüşu keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov tədbirdə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr haqqında məlumat verib. Azərbaycan və Braziliya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini deyən nazir müavini ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb.
Hadil da Roşa Vianna dostluq zəminində qurulan Azərbaycan-Braziliya münasibətlərinin inkişaf etdiyini söyləyib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. O, Braziliya və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.
İşgüzar görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib və AZPROMO tərəfindən Braziliyalı iş adamlarına ölkəmizdə biznes fəaliyyətinin təşkili sahəsində müvafiq dəstəyin göstəriləcəyini bildirib. Tədbirdə infrastruktur, qida sənayesi və aviasiya sahəsində fəaliyyət göstərən Braziliya şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış edib. Azərbaycanın investisiya imkanlarına dair müzakirələr aparılıb, braziliyalıları maraqlandıran suallar cavablandırılıb.