Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadə vəziyyəti də yoxlanılacaq
Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib.
Lent.az-ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Kollegiya iclasında Bərdə rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair auditin nəticələri üzrə rəy və hesabat müzakirə olunaraq təsdiqlənib.
Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisinə məlumatın təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında “Bakı İnşaat Layihə” QSC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə, dövlət büdcəsinin ehtiyat fondundan və dövlət əsaslı vəsait qoyuluşundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadə vəziyyətinə dair audit proqramları da təsdiqlənib.