“Bakı Telefon Rabitəsi İstehsalat Birliyi stasionar şəbəkədə nömrələrin daşınması xidmətini on-layn rejimdə bir gün ərzində həyata keçirir”. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Bu xidmət artıq Bakı şəhərinin stasionar rabitə şəbəkəsində təqdim edilir və istənilən şəxs yaşadığı yerdən köçdüyü zaman öz telefon nömrəsini yeni ünvana köçürə bilər.
Bu servis Məlumat Hesablama Mərkəzinin saytında elektron xidmət kimi də təqdim edilir və istənilən abunə on-layn rejimdə öz nömrəsini bir ünvandan digər ünvana keçirmək üçün internet üzərindən müraciət etsə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu işi bir gün ərzində həll edə bilər.
Yeni xidmətin daha bir üstünlüyü onun on dəfə ucuzlaşmasıdır. Belə ki, əvvəllər abunə yeni ünvana keçdikdə telefon nömrəsini yaşadığı yerin xidmət göstərildiyi stansiyaya təhvil verib, yeni ünvandakı stansiyadan yeni nömrənin ayrılması üçün 30 manat ödəyərək müraciət edirdisə, hazırda telefon nömrəsi bir ATS-in ərazisindən digər ATS-in ərazisinə daşındığı halda abunə buna görə cəmi 3 manat ödəyir.