Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir
02 may 2015 10:15 (UTC +04:00)

Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir

 

 

 

Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı öz işinə başlayıb.

 

"APA-Economics"in xəbərinə görə, Heydər Əliyev Mərkəzi Bina-1 və yeni inşa edilmiş Heydər Əliyev Mərkəzi Bina-2-də keçirilən İllik Toplantıda 3000-nə yaxın iştirakçı, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmiləri, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələri iştirak edir.

 

“İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında keçirilən İllik Toplantının Rəhbərlər Şurasının əsas iclasında, seminarlarda və panel müzakirələrdə bir çox qlobal əhəmiyyətli məsələlər diqqət mərkəzindədir. Belə ki, mayın 2-də açılan İllik Toplantının birinci günü AİB-nın prezidenti Takehiko Nakaonun açıq mətbuat konfransı, ardınca “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru”, “AİB-BVF Seminarı: Asiya tərəqqisinin qorunub saxlanılması üçün maliyyə sektorunun inkişafı” mövzularında seminar və panel müzakirələr olacaq.

 

Mayın 3-də “Asiyanın İnkişaf Sütunları üçün Gələcək Aparıcılar - Çin Xalq Respublikası, Hindistan, İndoneziya”, “AİB-Almaniya Seminarı: Yaşayış üçün münasib olan Asiya şəhərlərində problemlər və imkanlar”, “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” və digər mövzularda keçiriləcək seminar və panel müzakirələrdə Asiya regionunun tanınmış tədqiqatçıları və alimləri iştirak edəcək.

 

Mayın 4-də Direktorlar Şurasının üzvlərinin iştirakı ilə rəsmi açılış sessiyası, ardınca isə “Asiya üzrə Enerji Siyasətinin Yenidən qiymətləndirilməsi”, “Gənclərin Son Debatı”, “Gender Bərabərliyi İqtisadiyyatı”, “Təbii fəlakətlər üzrə təlimlər: Dayanıqlı Cəmiyyətlərin təşkili”, “İnfrastruktur Maliyyələşdirməsinin Yerli Cəmiyyətlərə Təsiri” panellərində müzakirələr davam etdiriləcək.

 

Tədbirin sonuncu günündə Direktorlar Şurasının ikinci iş sessiyası ilə yanaşı, “Azərbaycanın da yerləşdiyi regionla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq və inteqrasiyanın genişləndirilməsi” və digər mövzularda seminarlar təşkil olunacaq və AİB-nın prezidentinin yekun mətbuat konfransı ilə İllik Toplantı öz işini yekunlaşdıracaq.

 

Təşkilat komitəsi tərəfindən yaradılmış www.adb2015.az saytı fəaliyyət göstərir və İllik Toplantı ilə bağlı bütün məlumatlar mütəmadi olaraq bu saytda yerləşdirilir. Eyni zamanda, İllik Toplantının keçiriləcəyi günlərdə təşkil olunacaq sessiyalar, seminarlar, ayrı-ayrı tədbirlər barədə də burada əraflı məlumatlar veriləcək.

 

Beləliklə, AİB Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcək.

 

Qeyd edək ki, 1999-cu ildən Asiya İnkişaf Bankına üzv olan Azərbaycan indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib. Qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub. Bununla əlaqədar olaraq, 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb, ardınca isə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

 

Təşkilat Komitəsi və Maliyyə Nazirliyində fəaliyyət göstərən əlaqələndirmə üzrə katiblik tərəfindən İllik Toplantıya hazırlıq prosesi qrafikə uyğun olaraq yüksək səviyyədə aparılıb, bütün texniki tapşırıqlar və tövsiyələr yerinə yetirilib.

 

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu müddət ərzində AİB Azərbaycan Hökumətinə 1,8 mlrd. ABŞ dolları, özəl sektor təşkilatlarına isə 168 mln. ABŞ dolları həcmində kredit və 18 mln. ABŞ dollarına yaxın qrantlar ayırıb.

AİB-in Azərbaycanla bağlı 2014-2018-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında nəqliyyat, enerji və şəhər xidmətləri, eləcə də kiçik və orta biznesin və dövlət-özəl sektorları arasında tərəfdaşlığın inkişafına dəstək verilir. Yeni strategiya, həmçinin, regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.

 

2015-ci ilin aprel ayında AİB-in 2015-2017-ci illər üçün Azərbaycan üzrə Biznes Planı qəbul edilib. Bu müddət ərzində AİB enerji, nəqliyyat, maliyyə, təhsil, su təchizatı və çirkab suların təmizlənməsi və dövlət idarəçiliyi sektorlarının inkişafı üçün Azərbaycana 3,6 mln. ABŞ dolları həcmində qrant və 715 mln. ABŞ dolları həcmində kredit ayırmağı nəzərdə tutur.

 

Filippinin paytaxtı Manilada yerləşən AİB balanslaşdırılmış iqtisadi artım, ekoloji cəhətdən davamlı artım və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean Regionunda yoxsulluğun azaldılması istiqamətində fəaliyyət göstərir. 1966-cı ildə təsis edilmiş AİB 48-i regiondan olmaqla 67 üzv-dövlətə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar