Bu gün Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
“APA-Economics” xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Macarıstanın sənaye, kənd təsərrüfatı, İKT, tikinti, enerji, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edb.
Biznes forumda çıxış edən iqtisadiyyat naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, keçirilən görüşlər ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb. Nazir bildirib ki, ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu barədə 2014-cü ildə bəyannamə qəbul edilib.
“Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiya əməkdaşlığın inkişafında əhəmiyyətli rola malikdir. İndiyədək ölkələrimiz arasında iqtisadi sahə də daxil olmaqla 40-a yaxın sənəd imzalanmışdır. Bununla belə, müqavilə-hüquqi bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir”, - deyə Ş. Mustafayev qeyd edib.
Nazirin sözlərinə görə, Bakı-Budapeşt-Bakı reysi üzrə bu ilin mart ayından etibarən növbəti 3 il müddətinə uçuşların bərpa edilməsi üzrə razılığa gəlinib.
“Bundan başqa, səhiyyə, turizm, İKT sahələrində də əməkdaşlığımız uğurla davam edir”, - deyə Ş. Mustafayev qeyd edib.
Azərbaycan iqtisadiyyatı, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə də məlumat verən Ş. Mustafayev qeyd edib ki, bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur: “Azərbaycan və Macarıstan qeyri-neft məhsullarının ixracı, investisiya, kənd təsərrüfatı, birgə müəssisələrin yaradılması, turizm və sair sahələrdə əməkdaşlıq edə bilərlər”.
Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto ölkəsinin Macarıstanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb: “Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır. Bu yaxınlarda Bakı və Budapeşt arasında birbaşa uçuşlara başlaması dövlət başçılarının birgə səylərinin nəticəsidir. Bugünkü biznes forumda çoxlu sayda iş adamının iştirak etməsi də əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir”.
P. Siyarto ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanları qeyd etmiş, iqtisadi əlaqələrin yeni səviyyəyə qaldırılmalı olduğunu və daha çox investisiya qoyuluşu, İKT və xidmət kimi sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb: “Bundan başqa, su təchizatı, kənd təsərrüfatı sahələri də əməkdaşlıq üçün mühüm istiqamətlərdir”.
Biznes forum çərçivəsində Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın “Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.