Tədbirdən əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış ildə 19,2 mln. ədəd polipropilen kisə istehsal etmək gücünə malik olan müəssisənin fəaliyyətinə baxış keçirilib.
Sonra tədbir çərçivəsində SKMF tərəfindən Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan kiçik və orta həcmli istixanaların, üzümçülük və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında qeyd edib ki, Fondun vəsaitləri hesabına 2013-cü ilin ötən dövrü ərzində 2 536 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 196,5 mln. manat güzəştli kredit verilib. Bildirilib ki, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 550 investisiya layihəsinin maliyyələşdirilməsinə 133 mln. manat (bugünkü kreditlər daxil olmaqla) güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 4 600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 24 sahibkarlıq subyektinə 3,3 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, zəfəran istehsalı, şirniyyat məhsullarının, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 300-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaq.