“Bakı Metropoliteni” QSC-nin əməkdaşları bu gün peşə bayramlarını qeyd ediblər. Qurumdan Lent.az-a verilən məlumata görə, mərasim iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
2014-cü il fevralın 27-də prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradıldığını diqqətə çatdıran qurumun sədri Zaur Hüseynov deyib ki, iki böyük müəssisənin vahid təşkilatda birləşdirilməsi yeraltı nəqliyyatın qarşısında böyük üfüqlər açıb. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq gələcəkdə Bakı metrosu ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 km metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiya inşa ediləcək və 84,3 km metro xətti çəkiləcək”.
Cəmiyyətin sədri QSC yarandıqdan sonra icrasına başlanılan layihələrdən, tətbiq olunan və nəzərdə tutulan texnoloji yeniliklərdən, sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün görüləcək işlərdən danışıb. Qeyd edib ki,Fransanın 3 şirkətilə imzalanan müqaviləyə əsasən müasir idarəetmə və işarəvermə sistemləri, yeni tunellərin tikintisi, həmçinin alınacaq yeni vaqonlarla yeraltı nəqliyyat Avropa standartlarına daha da yaxınlaşacaq.
Tədbirdə peşə bayramı münasibəti ilə müəssisənin əməkdə fərqlənmiş bir qrup əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələrə təqdim olunub.