Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən AİB prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Lent.az-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə qlobal makroiqtisadi proseslər, onların Azərbaycan iqtisadiyyatına təsirləri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan ilə AİB arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi Bankın Rəhbərlər Şurasının İllik Toplantısının Bakıda keçirilməsi məmnunluqla qeyd olunub. Azərbaycanın davamlı iqtisadi inkişafını qeyd edən Takehiko Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını ifadə edib. Eyni zamanda, etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin əhəmiyyəti qeyd olunub, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.
Sonra AİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra AİB-nın Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov və bankın prezidenti Takehiko Nakao AİB-nın İllik Toplantısının keçiriləcəyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində Rəhbərlər Şurasının əsas iclasının, seminarların və panel müzakirələrin keçiriləcəyi sahələri, həmçinin mətbuat mərkəzini gəzərək son hazırlıq işlərinin gedişi ilə tanış olublar. AİB prezidenti ev sahibi kimi Azərbaycan hökuməti tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirib.
Qeyd edək ki, “İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında 2-5 may tarixlərində keçiriləcək AİB-nın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.