"Ötən ay Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməməsi emal zavodlarının təmirə dayandırılması ilə əlaqədar olub".
"APA-Economics"in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın boru kəmərləri ilə ixrac etməyə istənilən həcmdə nefti var: "İyunda emal zavodlarını təmirə dayandırdıq və bu zaman yığılıb qalan nefti Bakı-Tbilisi-Ceyhan əsas boru xəttinə yönəltdik. Hazırda bütün kəmərlərimiz işlək vəziyyətdədir. Bizim istənilən kəmər vasitəsilə neft ixrac etmək imkanımız var".
SOCAR prezidenti bildirib ki, bu gündən etibarən Bakı-Novorosiysk kəmərinə neftin vurulmasına başlanılacaq.
"Bakı-Novorossiysk kəməri bizə lazımdır. Bu il ərzində bu kəmərlə təxminən 1,5 milyon barrel neft ixrac ediləcək", - deyə R. Abdullayev qeyd edib.