Azərbaycanın BMT ilə əməkdaşlığı genişlənir
18 iyun 2013 16:23 (UTC +04:00)

Azərbaycanın BMT ilə əməkdaşlığı genişlənir

BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiçin Azərbaycana səfəri çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, görüşdə 2013-cü ilin Azərbaycanda “İKT ili” elan edildiyini diqqətə çatdıran Əli Abbasov ölkədə bu sahədə qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən söz açaraq, İKT sahəsində həyata keçirilən milli və regional layihələrdən danışıb.


Azərbaycanın hazırda iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan “Europe Persia Express Gateway” (EPEG) layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu qeyd edən Ə. Abbasov Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace”in artıq ixrac xidmətlərinə başladığını, ölkədə İKT sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, İnformasiya Texnologiyaları Universitetinin yaradılması üzərində işlərin aparıldığını deyib.

 

Vuk Yeremiç Azərbaycanın BMT ilə əməkdaşlığının daha da genişlənməkdə olduğunu söyləyib.  BMT-də davamlı inkişafa dair müzakirələrdə enerji və informasiya texnologiyaları istiqamətlərinin əsas müzakirə mövzusu olduğuna da diqqət edən Vuk Yeremiç Azərbaycanın hər iki sektorda ciddi uğurlara imza atdığını bildirib. Görüşdə İKT sahəsində BMT Baş Assambleyası ilə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə edilib. Xüsusilə TASİM layihəsinin önəmi vurğulanaraq, BMT tərəfindən layihəyə göstərilən dəstək yüksək qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar