Azərbaycanda vergi dərəcələri aşağı salınır
21 dekabr 2012 13:41 (UTC +04:00)

Azərbaycanda vergi dərəcələri aşağı salınır





Bu gün Milli Məclisdə Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, layihə barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, dəyişikliklərdən biri vergi orqanları tərəfindən vergi borclarının məcburi alınması zamanı vergi ödəyicilərinin məhkəməyə müraciət imkanlarının genişləndirilməsi ilə bağlıdır.
 


Ziyad Səmədzadə qeyd edib ki, idman-mərc oyunları ilk dəfə Vergilər Məcəlləsinə salınıb: “Dəyişikliklər ümumilikdə vergi dərəcəsinin aşağı salınmasını özündə ehtiva edir. Bu dərəcələr 30 faizdən 25 dərəcəyə endirilir. Dəyişikliklər nəticəsində fiziki şəxslərə vergi güzəştlərinin illik həcmi 50 milyon manat olacaq. Azərbaycanda yaradılacaq sənaye parklarında sahibkarların torpaq, əmlak vergisindən azad edilməsi barədə maddələr nəzərdə tutulub. Təhsil haqqı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Bu dəyişikliklər Azərbaycanda daha sivil vergi sisteminin tətbiq olunmasına, qeyri-neft sektorunun inkişaf etməsinə səbəb olacaq”.

Millət vəkili Vahid Əhmədov bildirib ki, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edir.

Layihə səsə qoyularaq qəbul edilib.

# 2628
avatar

Oxşar yazılar