İyunun 23-də Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) illik toplantısı keçiriləcək. Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib. İllik toplantıda Bankın Rəhbərlər Şurası 2012-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək.
QDTİB-nın Azərbaycanın maliyyə institutları ilə uğurlu əməkdaşlığı özəl sektorda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. QDTİB gələcəkdə nəqliyyat, kənd təsərrüfatı və istehsal sahələrinə investisiya ayırmaqla Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına yönəlmiş fəaliyyətləri dəstəkləməyi nəzərdə tutur.
İllik toplantı münasibətilə QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə sabah Bakıda biznes forum təşkil ediləcək. İqtisadi diversifikasiya üzrə strateji siyasətlə bağlı müzakirələrin aparılacağı forumda Azərbaycanın dövlət rəsmiləri tərəfindən dövlətin iqtisadi diversifikasiyaya yanaşma prinsipləri təqdim olunacaq və dünyanın aparıcı beynəlxalq maliyyə institutları arasında beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli işlənilib hazırlanmış tövsiyyələr barədə fikir mübadiləsi aparılacaq. Forumun ikinci hissəsində biznesin inkişafı mövzusunda iclaslar təşkil olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları ətrafında müzakirələr aparılacaq.