Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin iyununda Çin yuanında olan istiqrazlara 500 milyon dollar sərmayə qoymağı planlaşdırır. Lent.az-ın məlumatına görə, bunu Trend-ə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib. Onun sözlərinə əsasən, Çinin Mərkəzi Bankı ilə müvafiq müqavilə imzalanıb.
Ş.Mövsümov bildirib ki, bizim Çinin Mərkəzi Bankı ilə artıq müqaviləmiz var, bu günlərdə isə qiymətli kağızlar üzrə komitələrimiz arasında imzalanmış sənəddən sonra sərmayə qoya bilərik.
Qeyd edək ki, bu həftə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi kommunikasiya üçün imkanlar da daxil olmaqla, əməkdaşlıq üçün çərçivəni, qarşılıqlı anlaşma, həmçinin tənzimləyici və texniki məlumat mübadiləsini gücləndirməklə, investorların müdafiəsini və qiymətli kağızlar, fyuçers və digər müvafiq investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdən ibarətdir.
Ş.Mövsümov qeyd edib ki, ARDNF Yaponiyada daşınmaz əmlaka sərmayə qoymağı planlaşdırır.