Azərbaycan və Qətər Birgə İnvestisiya Fondu yaradır
19 mart 2013 17:44 (UTC +04:00)

Azərbaycan və Qətər Birgə İnvestisiya Fondu yaradır

Martın 17-18-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Qətər Dövlətində səfərdə olub.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov, “Yüksək Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Seymur Ağayev və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxil olublar.

      

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif müəssisələrin fəaliyyəti ilə tanış olub. Qətərin baş naziri və xarici işlər naziri Şeyx Hamad bin Jassim Al-Thani ilə keçirilmiş görüşdə Birgə İnvestisiya Fondunun yaradılması, kənd təsərrüfatı, infrastruktur, turizm, elm, təhsil, texnologiya sahəsində əməkdaşlıq məsələləri, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Şeyx Hamad bin Jassim Al-Thani ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizdəki iqtisadi inkişafın Qətərdə maraqla izləndiyini vurğulamış, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu söyləyib. Görüşdə Qətərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilib. Şahin Mustafayev Azərbaycanda xarici ölkələrlə, o cümlədən Qətər Dövləti ilə əlaqələrin genişlənməsinə önəm verildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını bildirib

 

Qətər Dövlətinin sənaye və energetika naziri Mohammed bin Saleh Al-Sada ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən sənaye sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şahin Mustafayev Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində görülən işlər barədə danışıb, Qətərin neft-kimya sənayesi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edərək, Qətər şirkətlərini sənaye parkına investisiya yatırmağa dəvət edib. Mohammed bin Saleh Al-Sada isə ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduğunu və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu dilə gətirib. 

Azərbaycan nümayəndə heyətinin Qətər Dövlətinin iqtisadiyyat və maliyyə naziri Yousif Hussain Kamal ilə keçirilmiş görüşündə Şahin Mustafayev iki ölkə arasında indiyədək 10-dan çox sənədin imzalandığını xatırladıb. Şahin Mustafayev infrastruktur, kənd təsərrüfatı, ticarət, turizm, elm, təhsil və texnologiya, Birgə İnvestisiya Fondunun yaradılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Görüşdə Qətərdə həyata keçiriləcək infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirak edə biləcəyi, kənd təsərrüfatı sahəsində birgə emal müəssisələrinin yaradılması, turizm sahəsində əməkdaşlıq, Birgə İnvestisiya Fondunun yaradılması ilə Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanları, elm və təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

 

Qətərin biznes və ticarət naziri Şeyx Jassim bin Abdulaziz Al-Thani ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilmiş görüşdə iş adamları arasında əməkdaşlıq, AZPROMO və Azərbaycan İnvestisiya Şirkəti ilə Qətərin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirəyə çıxarılıb, hər iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi üçün biznes-forum və sərgilərin təşkil edilməsi əhəmiyyətli  sayılıb. Azərbaycan nümayəndə heyəti Qətərin “Mesaieed” sənaye şəhərciyinə də baş çəkib, burada 10-dan çox müəssisənin fəaliyyəti ilə tanış olub. “Mesaieed” sənaye şəhərciyinin direktoru Abdulaziz Al-Mufta ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə sənaye şəhərciyi və burada fəaliyyət göstərən müxtəlif müəssisələr barədə məlumat verilib. Şahin Mustafayev Azərbaycanda da Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması istiqamətində zəruri işlərin görüldüyünü nəzərə çatdırıb, bu parkların yaradılmasının ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Qətər İnvestisiya Qurumunun “Qatari Diar” İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Khalid Al-Sayed ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki, şirkət yarandığı dövrdən dünyanın müxtəlif ölkələrində bir sıra layihələrə milyardlarla dollar sərmayə yatırıb. Şahin Mustafayev Azərbaycanda da xarici investisiya qoyuluşunu dəstəkləmək, sahibkarlığı daha da inkişaf etdirmək məqsədilə AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyət göstərdiyini bildirib.

 

 

Qətərin “ASHGHAL” şirkətinin prezidenti Nasser Ali Al-Mavlavi ilə keçirilmiş görüşdə isə qurumun fəaliyyəti və müxtəlif sahələrdə həyata keçirdiyi layihələr barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib.  Səfər çərçivəsində təhsil nazirinin müavini Qulu Novruzov Qətərin ali təhsil və təhsil naziri Saad bin İbrahim Al Mahmoud və Qətər Fondunun vitse-prezidenti Ahmad Hasnah ilə görüşüb. Görüşlərdə iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770
avatar

Oxşar yazılar