Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, tikinti, qida sənayesi, İKT, ətraf mühitin bərpası və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Macarıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, bu əlaqələrin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli investisiya və biznes mühiti, iş adamları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi imkanlarını daha da artırıb, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib. İşgüzar adamların iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını bildirib.
Macarıstan Respublikasının kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budaini çıxışında ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, işgüzar görüşün bu istiqamətdə əhəmiyyətli olduğunu qeyd edib. Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimatla çıxış edib. O, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb və macar iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Tədbirdə Azərbaycanın investisiya imkanları barədə geniş məlumat verilib, macarıstanlı iş adamlarını maraqlandıran suallar cavablandırılıb. Sonda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası çərçivəsində yaradılmış aqrar məsələlər üzrə altkomitənin iclasının protokolu imzalanıb.