“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti Latviyanın “airBaltic” milli aviaşirkətini almaq istəyir.
Lent.az-ın Latviya mətbuatına istinadən verdiyi məlumata görə, “airBaltic” aviaşirkətinin potensial alıcıları arasında “Turkish Airlines”, “Qatar Airways, “Hainan Airlines” aviaşirkətləri də var.
Ancaq potensial alıcılar arasında AZAL-ın şansı yüksək dəyərləndirilir. “Pietiek.com” saytı yazıb ki, bu məsələ keçən ilin noyabrında Latviyanın baş naziri Valdis Dombrovskisin Bakıya səfəri zamanı da müzakirə olunub. Latviya hökumətindəki mənbələr hələlik AZAL-la danışıqların ideya mərhələsində olduğunu və aviaşirkətin satışı ilə bağlı məbləğin irəli sürülmədiyini bildirib.
Hazırda “airBaltic” aviaşirkətinə strateji investor tapmaq vacibdir. Şirkət hər ay 3 milyon lat ziyanla işləyir. Avropa Komissiyası da “airBaltic” aviaşirkətinə dövlət tərəfindən yardım verilib-verilməməsini araşdırmağa başlayıb. Latviya hökuməti aviaşirkətdəki nəzarət paketini satmaqla eyni vaxtda bir neçə problemdən qurtarmaq niyyətindədir.
AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli isə Lent.az-a açıqlamasında bu barədə məlumatı olmadığını söyləyib.