Bu il Azərbaycanda benzinin istehsal həcmi istehlakla eyniləşib.
«APA-Economics»in məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilin yekunları ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın inkişaf göstəricisidir: «Bu inkişaf nəticəsində ölkədə maşınların sayı artıb. Çalışacağıq ki, bu sahəni daha da inkişaf etdirək».
ARDNŞ prezidenti bildirib ki, gələn ilin ortalarında ilk qaz emalı zavodunun tikintisinə başlanılacaq. «Düşünürük ki, bu zavod 2018-ci ilə qədər tam hazır olacaq. 2015-ci ildən isə zavodların köçürülməsinə başlanacaq. Bu sahənin də üzərində ciddi iş gedir».
R.Abdullayev qeyd edib ki, Azərbaycanda Karbomid Zavodunun da tikilərək 33 aya təhvil verilməsi planlaşdırılır. Bu zavodun inşası ilə bağlı tenderin qalibi «Samsung» şirkəti olub. «Açar təhvilvermə» üsulu ilə həyata keçirilən bu layihə çərçivəsində inşaat işlərinə gələn ildən start veriləcək.