Aİ: "Xəzər bölgəsindən qaz Avropaya 2019-2020-ci illərdə nəql olunmalıdır”
01 may 2015 06:34 (UTC +04:00)

Aİ: "Xəzər bölgəsindən qaz Avropaya 2019-2020-ci illərdə nəql olunmalıdır”

Aşqabadda rəsmi səfərdə olan Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç  Avropa İttifaqının Xəzər regionundan qazın tədarükünün 2019-2020-ci illərdə başlanmasını nəzərdə tutduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan Dövlət Televiziyası məlumat yayıb.  

 

Maroş Şevçoviç  Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə danışıqların yekununa dair telemüsahibəsində Berdiməhəmmədov ilə  enerji sahəsində Türkmənistan-Aİ tərəfdaşlığının möhkəmləndirilməsinə dair məsələləri müzakirə etdiyini qeyd edib. Onun sözlərinə görə, görüşdə həmçinin Avropa bazarlarına enerji resurslarının tədarükünün diversisifikasiyasına  (şaxələndirilməsi) dair Aİ-nin proqramı barədə fikir mübadiləsi aparılıb.   

 

“Konkret olaraq müəyyənləşdirdik ki, “Cənub Qaz Dəhlizi” bizim üçün mühüm və strateji layihədir, çünki bu layihə enerji marşrutlarını və enerji mənbələrini şaxələndirmək iqtidarındadır. Biz  Xəzər regionundan qazın Avropaya tədarükünün  2019-2020-ci illərdə başlanmasını istəyirik”, deyə energetika məsələləri üzrə avrokomissar bildirib.

  

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Türkmənistan və Aİ nümayəndələrinin mayın 1-nə nəzərdə tutulmuş görüşü məhz Xəzər regionundan Avropaya təbii qazın nəqli layihəsinin icrası məsələsinə həsr olunacaq. Şevçoviç qeyd edib ki, dördtərəfli görüş zamanı qeyd olunan layihə çərçivəsində tərəflərin əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.  

 

Şevçoviç həmçinin Türkmənistan prezidenti ilə danışıqlar zamanı Xəzər dənizinin dibi ilə və İran üzərindən qaz boru xəttinin çəkilməsi imkanlarının müzakirə olunduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda İranla diplomatik münasibətlər müsbət inkişaf edir və Aİ ümid edir ki,  “altılıq”-Tehran danışıqları uğurlu nəticələnəcək.   

 

“Prezident qeyd etdiyi kimi, Türkmənistanın bu layihələrdə iştirak etmək üçün siyasi iradəsi, Avropanın isə enerji tədarükünün şaxələndirilməsi üçün siyasi istəyi var”, deyə Şevçoviç qeyd edib.    

 

Onun sözlərinə görə, “Nabukko” layihəsi bir sıra çətinliklərlə üzləşib, çünki onun icrasına lazımi diqqət yetirilməyib. Şevçoviç Avropa Komissiyasının iri qaz şirkətlərinin kommersiya maraqlarını və bu layihələrdə iştirak etmək niyyətlərini müəyyən etmək üçün tədbirlər görəcəyini qeyd edib. O Avropa Komissiyasının bu istiqamətdə səylərinin əvvəlkindən daha israrlı olacağını vurğulayıb.  

 

Şevçoviç müsahibəsində həmçinin Türkmənistan prezidenti ilə Xəzər dənizinin dibi ilə qaz boru xəttinin (Transxəzər qaz borusu) çəkilməsinin mümkün ekoloji risklərinin müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, mütəxəssislərin apardıqları araşdırmaların müsbət nəticələrinə əsasən, Xəzər dənizinin dibi ilə qaz boru xəttinin çəkilməsi regiona ekoloji təhlükə yaratmayacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar