May ayının 29-da Bakı Fond Birjasında (BFB) “PAŞA Bank” ASC və “Unicapital” ASC broker şirkətinin vasitəsi ilə “Unibank” ASC-nin istiqrazları yerləşdiriləcək.
“Unibank” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, istiqrazların yerləşdirilməsi birjada açıq abunə yolu ilə keçiriləcək. Qeyd edək ki, 2013-cü il mayın 22-də “Unibank” ASC-nin təmin olunmamış, faizli sənədsiz adlı istiqrazlarının emissiya prospekti dövlət qeydiyyata alınıb. Ümumilikdə, hər birinin nominal qiyməti 1000 min AZN olan 5000 ədəd istiqraz buraxılıb. Qiymətli kağızlar buraxılışın ilk istiqrazının yerləşdirildiyi tarixdən etibarən 5 (beş) təqvim ili müddətində tədavüldə olacaq. Ümumi həcmi 5 milyon AZN-ə çatan «Unibank» ASC-nin istiqrazlarının buraxılışının anderrayteri “Unicapital” ASC vasitəsi ilə “PAŞA Bank” ASC olacaqdır. Yerləşdirilmənin marketmeykeri rolunda “PAŞA Kapital” MMC-nin vasitəçiliyi ilə “PAŞA Bank” ASC çıxış edəcək. “PAŞA Bank” ASC gündəlik əsasda həmin istiqrazlar üzrə kotirovkaları təqdim edib onlar üzrə likvidliyi təmin edəcək ki, bu da istiqrazların potensial investorlar üçün cəlbediciliyini daha da artıracaq.