“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində İmişli şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. İcrasına 2011-ci ilin sentyabrında başlanmış “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” üzrə işlərin böyük hissəsi başa çatıb. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 45,5 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə İmişli şəhəri ilə yanaşı, Beyləqan rayonunun Əhmədli kəndini də əhatə edəcək. İstehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Beyləqan rayonu Aşiqallılar kəndi yaxınlığındakı ərazidə yerləşən yeraltı sular seçilib. Burada 5 ədəd subartezian quyusu qazılıb və quyu zonasından İmişli şəhərinə 630 mm olan diametrli borularla 29,5 km uzunluğunda magistral su xətti çəkilib, ümumi tutumu 6500 kubmetr olan 2 ədəd su anbarı tikilib istifadəyə verilib. Yeni tikilmiş xlorator qurğusu və laboratoriya binasında son tamamlama işləri aparılır.
Layihə çərçivəsində İmişli şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri də yenidən qurulur. Ümumi uzunluğu 167 km olan şəhərdaxili su şəbəkəsinin 159 km-lik hissəsi çəkilərək ünvanlara birləşmələr verilib. İndiyədək 8950 abunəçinin 3293-ü smart-kart tipli sayğacla təmin olunub. Ümumilikdə İmişli şəhərinin su təchizatı ilə bağlı layihədə nəzərdə tutulan işlərin böyük əksəriyyəti yekunlaşıb, cari ilin iyul ayında su şəbəkəsinin yenidən qurulması üzrə işlər tam başa çatdırılacaq. İmişli şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 125 km olan kanalizasiya şəbəkəsinin, 15,7 km uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Gələcəkdə tullantı suları şəhərin kənarında tikiləcək çirkab su təmizləyici qurğuya ötürüləcək.