«Bank of Baku»nun yeni strateji inkişaf proqramı təsdiqlənib
04 fevral 2013 10:11 (UTC +04:00)

«Bank of Baku»nun yeni strateji inkişaf proqramı təsdiqlənib

Azərbaycanın «Bank of Baku» ASC-nin səhmdarları və Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, proqramın əsas cəhətlərindən birini filiallar şəbəkəsinin genişləndirilməsi təşkil edir.

 

Bank tərəfindən daha 10 filial təsis ediləcək və beləliklə «Bank of Baku»nun paytaxt və regionlardakı filiallarının ümumi sayı 50%-dən çox artacaq. Bundan əlavə, «Bank of Baku»nun yeni baş ofisi üçün Bakıda sahəsi 10 min kv. metr olan ərazidə binanın inşa edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsi, bankın mövqelərinin qorunub saxlanılmasına xüsusi diqqət yetiriləcək.

 

Strateji inkişaf proqramına rəhbərlik etmək və qoyulmuş məqsədlərin vaxtında icrasına nail olmaq məqsədilə «Bank of Baku»nun Müşahidə Şurası baş direktor vəzifəsini təsis edib. Baş direktor birbaşa Müşahidə Şurasına tabe olacaq. Bu vəzifəyə daha öncə «Bank of Baku»nun İdarə Heyətinin sədri vəzifəsini tutmuş Fərid Əlizadə təyin edilib. Bankın İdarə Heyətinin üzvü kimi Fərid Əlizadə həmçinin inzibati sahəyə aid bütün məsələləri kurasiya edəcək.

 

«Son illər bizim təşkilat böyük uğurlar əldə edib və buna ən bariz nümunə yarım milyondan çox müştərimizin və yüzlərlə tərəfdaşımızın bizə sadiq qalmasıdır. O cümlədən, öz kateqoriyasında bizə ən yüksək reytinq vermiş «Moody’s» beynəlxalq reytinq agentliyini qeyd etmək olar. Bankın biznes və strukturunun yeni inkişaf strategiyası bizim uğurun davamıdır. Yeni vəzifə önündə qoyulmuş hədəflərə çatmaq, xüsusi səlahiyyət və tam konsentrasiya tələb edən ambisiyalı bir məqsəddir», - deyə F.Əlizadə bildirib.

 

Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutmuş Fərid Hüseynov Müşahidə Şurasının qərarı ilə «Bank of Baku»nun İdarə Heyətinin sədri təyin edilib.

 

«Möhtəşəm kollektivin istedadı və zəhməti sayəsində bu gün «Bank of Baku» maliyyə sektorunun liderlərindən biridir. Biz strateji əhəmiyyətli məqsədləri yerinə yetirərək, texnoloji innovasiyalardan faydalanaraq və kadr potensialımızı inkişaf etdirərək öz uğurlu inkişafımızı davam etdirəcəyik», - deyə F.Hüseynov bldirib.

 

Qeyd edək ki, «Bank of Baku» ASC 1994-cü ilin fevralında təsis edilib və  Azərbaycanın ilk kommersiya banklarından biridir. Bank 19 filiala malikdir və onun xidmətlərindən 500 min müştəri istifadə edir. «Moody’s» beynəlxalq reytinq agentliyi «Bank of Baku»ya müsbət proqnozla «B2» reytinqi verib. Son 2 ildə bankın aktivləri 2 dəfə artaraq 500 mln. manat həddini keçib. Bankın kapitalı isə 95 mln. manatdan artıqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015
avatar

Oxşar yazılar