Ölkənin ən iri holdinqlərindən biri korporativ adını dəyişərək “Garant Holding” oldu.
2005-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “ZQAN Holding” 8 il ərzində müxtəlif sektorlarda uğurlu şirkətlərlə təmsil olundu. Inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, nəqliyyat və yükdaşıma, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, restoran servisi, səyahət kimi sahələri əhatə edən Holding tərkibində olan şirkətlərin fəaliyyətinə və strateji qərarlarına bilavasitə nəzarət etməklə onların xidmət və istehsal keyfiyyətini nizamlayır. Fəaliyyətinin səkkizinci ilindən etibarən yeni sector – kənd təsərrüfatı məhsulları istehsalı sektoruna qədəm qoyan Holding daha bir neçə dəyişikliklə inkişafının yeni mərhələsində olduğunu xüsusi qeyd edir. Belə ki, şirkət bu ildən ZQAN Holding adını dəyişərək, onu yeni korporativ ad “Garant Holding”-lə əvəzləyir.
“8 il ərzində biz istər xidmət, istərsə də istehsal sektorunda kifayət qədər uğurlu, ürəkaçan nailiyyətlər əldə etdik. Müştəri və istehlakçı marağını, onun məmnuniyyətini hər zaman özümüz üçün prioritet saydıq. Bu günə qədər ZQAN Holding adı altında ərsəyə gələn hər layihə və məhsul Azərbaycan bazarında özünü tam təsdiqlədi. Ilk vaxtlardan “Azərbaycan üçün dəyərlər yaradaq!...” missiyasını rəhbər tutaraq imza atdığımız hər cüzi layihəmizi də dəyərə çevirməyə qadir olduq. Təvazökarlıqdan uzaq olsa da, söyləyəcəyəm ki, “ZQAN Holding”, yəni bu gündən Garant Holding güclü Azərbaycan iqtisadiyyatının ən önəmli tərkib hissələrindən biridir – Garant Holding-in İdarə Heyətinin sədri Vaqif Həsənov rebrendinqə həsr olunmuş mətbuat konfransında belə dedi.
Yeni, korporativ ad olaraq “Garant Holding” ifadəsinin istifadə olunmasını isə V.Həsənov belə izah etdi: “Biz rebrendinq haqqında düşünəndə bütün işçi heyətini bu məsələyə cəlb etdik. Hər kəsə fikrini ifadə etmək və yeni ad fikirləşməyi təklif etdik. Ümumi müzakirələr nəticəsində çoxluğun gəldiyi qənaət məhz “Garant” sözü oldu. əvvəla ona görə ki, bu söz beynəlmiləl olmaqla bir çox dillərdə eyni cür səslənir və eyni məna ifadə edir; istehsal və xidmət keyfiyyətinə bilavasitə zəmanət verdiyimizi və əmin olduğumuzu anladır. Həm də indiyə qədər holdinqin tərkibində fəaliyyət göstərən və fəaliyyəti ilə Azərbaycan istehlakçısına sözün yaxşı mənasında tanış olan şirkətlərimiz var. Yeni, korporativ ada öyrəşmək o qədər də çətin olmayacaq.”
Qeyd edək ki, rebrendinqlə əlaqədar olaraq holdinq yaxın zamanda yeni web-saytını da istifadəyə verəcək. Keçirilən mətbuat konfransında həm də korporativ-sosial məsuliyyət prinsiplərinə böyük məsuliyyət və həssaslıqla yanaşan “Garant Holding”-in Azərbaycan mədəniyyətinin, tarixinin, idman və təhsilinin inkişafına yönələn layihələri bundan sonra da dəstəkləyəcəyi qeyd olunub. Yeri gəlmişkən, holdinqin yeni “Garant Holding” korporativ adı altında dəstəklədiyi ilk idman hadisəsi cari ilin mayın 10-da Avstriyanın Vyana şəhərində keçirilən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan K1 yarışıdır. Bu yarışda Garant Holding “Qızıl sponsor” kimi çıxış edib.
“ZQAN Holding” rebrendinq etdi
2554