“Şahdəniz”də hasilatın həcmi açıqlandı
07 may 2013 11:34 (UTC +04:00)

“Şahdəniz”də hasilatın həcmi açıqlandı

Bu ilin I rübü ərzində “Azəri-Çıraq-Günəşli” layihəsinə 198 mln. dollar əməliyyat məsrəfləri və 648 mln. dollar əsaslı məsrəflər xərclənib.


 

APA-Economics”in xəbərinə görə, bu barədə “BP-Azerbaijan” şirkətinin rüblük hesabatında deyilir.

 

Hesabata əsasən, bütün il ərzində AÇG əməliyyatlarına 861 mln. dollar əməliyyat məsrəfləri və 2 514 mln. dollar əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.

 

Birinci rübdə AÇG-nin “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və “Dərinsulu Günəşli” platformalarından birlikdə gündə orta hesabla 662 000 barel (və ya ümumilikdə üç ay ərzində 59,6 mln. barel, yəni təqribən 8,06 mln. ton) neft hasil edilib. Rüb ərzində ARDNŞ-a gündə təxminən 5,4 mln. kub metr, ümumilikdə isə 0,5 mlrd. kub metr AÇG səmt qaz verilib. Bütün il üçün ARDNŞ-a təqribən 1,2 mlrd. kub metr AÇG səmt qazı təhvil verilməsi planlaşdırılır.

 

Hesabatda deyilir ki, AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün 27,4 mln. standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 mln. standart kubmetr təşkil edir. Birinci rüb ərzində terminal 71 mln. barel neft (o cümlədən 61 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 1,4 mln. barel dəmir yolu vasitəsilə və təxminən 0,5 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib. Terminal həmçinin rüb ərzində gündəlik orta hesabla 27 mln. standart kubmetr “Şahdəniz” qazı ixrac edib.

 

Hesabata əsasən, birinci rüb ərzində BTC üzrə əsaslı xərclərə 13 mln. dollar xərclənib. Bütün il üçün əsaslı xərclərin 97 mln. dollar olması planlaşdırılır. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir. 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin birinci rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 220 mln. ton (təxminən 1 648 mln. barel) xam neft Ceyhanda 2140 tankerə yüklənilib və dünya bazarlarına göndərilib. Birinci rüb ərzində BTC vasitəsilə 7,9 mln. ton (59,6 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 79 tankerə yüklənərək bazarlara yola salınıb.

 

Birinci rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 42 mln. dollar əməliyyat xərcləri və 395 mln. dollar əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 222 mln. dollar və 2 270 mln. dollar olacağı gözlənilir. Birinci rübdə yataqdan 2,42 mlrd. kubmetr qaz və 0,63 mln. ton (təqribən 5 mln. barel) kondensat və ya gündəlik təxminən 27 mln. kubmetr qaz və 55 300 bareldən artıq kondensat hasil edilib. Qeyd edilir ki, 2006-cı ilin sonlarında “Şahdəniz”də hasilat başlanandan 2013-cü ilin birinci rübünün sonunadək yataqdan bazarlara təqribən 40 mlrd. kubmetr qaz və 10,7 mln. ton (85 mln. barel) kondensat ixrac edilib.

 

Hesabata əsasən, birinci rüb ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 2 mln. dollar əsaslı xərclər sərf edilib. Bütün il üçün bu işlərə 13 mln. dollar əsaslı xərclər gözlənilir. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz” Mərhələ 1 qazını çatdırır. Birinci rübdə CQBK-nın gündəlik orta ötürücülük gücü 11 mln. kubmetrdən artıq  qaz və ya gündə 67 000 bareldən artıq neft ekvivalenti olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar