“Nabucco” Komitəsinin 5-ci toplantısı keçirilib
21 may 2013 15:47 (UTC +04:00)

“Nabucco” Komitəsinin 5-ci toplantısı keçirilib

Bu gün Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə hökumətləri Rumıniyanın paytaxtı Buxarestdə “Nabucco” Komitəsinin 5-ci toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, toplantının yekunu olaraq bəyanat qəbul edilib. Birgə bəyanatda “Nabucco” boru kəmərinin Qərbi Balkan və Vışeqrad qrupu (Polşa, Slovakiya, Çex Respublikası və Bolqarıstan) ölkələrinin enerji bazarlarını qaz həcmləri ilə təchiz etmək potensialını xüsusilə vurğulanır. Layihəyə üzv ölkə hökumətləri daha sonra bəyan ediblər ki, onlar “Nabucco” boru kəməri çərçivəsində Avropanın Cənubi və Mərkəzi-Şimali bölgələrini də qaz həcmləri ilə təchiz etmək üçün tələb olunan boru kəməri birləşmələrinin müəyyənləşdirilməsində iştirak etməyə hazırdırlar.   

İştirakçı-ölkələr may ayının 22-də Avropada daxili enerji bazarının formalaşdırılmasının tamamlanması mövzusunda toplantı keçirməyi planlaşdıran Avropa Şurasına müraciət edərək, Avropa səviyyəsində inkişaf və rəqabətədavamlılığı təşviq etmək üçün “Nabucco” boru kəmərinin yeni qaz mənbələrinə girişi təmin etmək baxımından böyük potensiala malik olduğunu qeyd etməyə çağırıblar. Həmçinin, iştirakçı-ölkələr Avropa Komissiyasından layihəyə göstərilən lazımi tənzimləyici və texniki dəstəyi davam etdirməyi xahiş ediblər. Həmçinin, toplantı iştirakçıları aprel ayında Budapeşt şəhərində keçirilən sonuncu iclasdan bəri layihənin artan xətt üzrə inkişaf etdiyini və onun uğurlu icrasını təmin etmək üçün səlahiyyətli orqanlar tərəfindən tranzit ölkələrində yerinə yetirilən fəaliyyətləri müsbət qiymətləndiriblər. İştirakçılar “Nabucco” layihəsinin Vergi məsələləri üzrə Yarım-komitəsinin layihəyə dair hökumətlərarası saziş üzrə vergi məsələlərini nizamlamaq cəhdlərini və bu saziş çərçivəsində vergi müddəalarının tətbiqi ilə bağlı ətraflı tövsiyələrini xüsusilə vurğulayıblar. Belə ki, artıq iştirakçı-ölkələr vergi məsələləri ilə bağlı lazımı hüquqi akt və sazişləri öz yerli qanunvericilikləri çərçivəsində tamamlamaq üçün “Nabucco” Komitəsi daxilində ekspert bazasına malikdirlər. 

 

“NABUCCO Gas Pipeline International GmbH” şirkətinin maliyyə məsələləri üzrə direktoru  Frank Sibert (Frank Siebert) bildirib: “Hər hansı layihəyə nağd maliyyə vəsaitlərinin axını məsələsinə gəldikdə, sərmayədarlara əvvəlcədən proqnozlaşdırmanın mümkünlüyü və sabitlik tələb olunur və “Nabucco” layihəsinin Vergi məsələləri üzrə Yarım-komitəsinin tövsiyələri sayəsində biz bu əsas amilə nail ola bilmişik”.

Bəyannamədə “Nabucco” və “TANAP” (“Trans Anadolu” Boru Kəməri) layihələrinin bir-birini qarşılıqlı surətdə tamamlaması xüsusilə vurğulanır və “TANAP” layihəsinin reallaşdırılması istiqamətində həm Türkiyə, həm də Azərbaycanın səlahiyyətli orqanları tərəfindən əldə olunan irəliləyişlər müsbət qiymətləndirilir. Toplantıda hər iki ölkənin nümayəndə heyəti də iştirak edib. Bu yaxınlarda isə hər iki layihənin reallaşdırılması çərçivəsində səmərəli əməkdaşlığı təmin etmək üçün “Nabucco” layihəsi “TANAP” layihəsi ilə Anlaşma Memorandumu imzalayıb.  

“NABUCCO Gas Pipeline International GmbH” şirkətinin icraçı direktoru Reynhard Mitçek bildirib: “Biz “Nabucco” Komitəsinin Budapeşt şəhərində keçirilən toplantısından sonra bir neçə əsas mərhələyə nail ola bilmişik, belə ki, Bolqarıstan “Nabucco” layihəsinin tikintisi üçün ekoloji icazəni təqdim edən ikinci ölkə olub və biz potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinin qeydiyyat mərhələsinə gözlədiyimizdən daha artıq iştirak payları ilə start vermişik. Həmçinin, milli tənzimləyici orqanlar “Şahdəniz” yatağından qazın proqnozlaşdırılan hasilatı üzrə vaxt cədvəllərinə uyğun olaraq üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Aİ qanunvericiliyi çərçivəsində “Nabucco” boru kəməri layihəsinin imtiyaz (azad olunma) müddətinin uzadılmasını təsdiq ediblər və Cənub-Şərqi Avropa bazarlarına ən qısa marşrut olan “Nabucco” boru kəməri Cənubi Qaz Dəhlizinin açılması üçün ən yaxşı seçim variantı olaraq qalır.”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar