“Bu bəyanat sahibkarları cəsarətləndirdi” - MÜSAHİBƏ
13 fevral 2013 15:45 (UTC +04:00)

“Bu bəyanat sahibkarları cəsarətləndirdi” - MÜSAHİBƏ

“Gədəbəy Mineral Suları” MMC-nin həmtəsisçisi: “Artıq başqa ideyaları da həyata keçirmək barədə fikirləşirik”

 

Fevralın 12-də prezident İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda sərt bəyanatlarla çıxış edib. Dövlət başçısı bəyan edib ki, sahibkarları rayonlarda həyata keçirilən işlərə məcburi qaydada cəlb etmək yolverilməzdir.  Prezident İlham Əliyev vurğulayıb ki, sahibkarları incidən icra başçıları cəzalandırılacaqlar. Bəs dövlət başçısının bu bəyanatını sahibkarlar necə qarşılayıb? Konfransda  iştirak etmiş “Gədəbəy Mineral Suları” MMC-nin həmtəsisçisi İlham Əliyev deyir ki, bu bəyanat sahibkarları cəsarətləndirib...

 

- Azərbaycanda dövlət səviyyəsində sahibkarlığın inkişafına verilən dəstək sizi qane edirmi?

 

- Azərbaycanda sahibkarlığın inkişafına dəstək istiqamətində böyük addımlar atılıb. Təkcə keçən il İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2327 investisiya layihəsinin maliyyələşdirilməsinə 209 milyon manatdan çox güzəştli kredit verilib, güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8800-dək yeni iş yerinin yaradılmasına imkan verir. Sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri real bəhrələrini verib, keçən ilin yekunlarına görə özəl bölmənin ümumdaxili məhsulda (ÜDM)-də xüsusi çəkisi 83% təşkil edib. Bu ilin ötən dövrü ərzində də 233 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 27.4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. 

 

Eyni zamanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilib və keçirilməkdədir.

 

- Prezident İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı sahibkarlar arasında necə qarşılandı?

 

- Ümumiyyətlə, Prezident İlham Əliyevin çıxışı, irəli sürülən ideyalar və ortaya qoyulan strategiya çox dəyərli idi. Vəzifəli şəxslər cəmiyyətdə bərqərar olmuş ali dəyərlərə dəvət edən Prezident İlham Əliyev də çıxışında sahibkarlara süni maneələr yaradılması ilə bağlı məqama xüsusi diqqət yetirdi. Dövlət başçısı çıxışında vurğuladı ki, hər zaman sahibkarların yanındadır və aşağı icra strukturları da başa düşməlidirlər ki, əgər prezident sahibkarları belə dəstəkləyirsə, bu, dövlətin birmənalı siyasətidir, onlar da sahibkarlara dəstək verməlidirlər. Prezidentin bu çıxışını, açıq mesajlarını həm mərkəzi və yerli icra strukturlarının rəhbərləri, həm də sahibkarlar dinlədi. Bu çıxış sahibkarları, o cümlədən “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyini də cəsarətləndirdi. Əgər qabaq bir işi görmək istəyən zaman sahibkarın daxilən bir çəkingənliyi var idisə, ehtiyat edirdisə, artıq sahibkar daha təşəbbüskar olacaq və planlarını həvəslə, sürətlə həyata keçirməyə çalışacaq. Elə “Gədəbəy Mineral Suları” MMC-nin də müəyyən ideyaları, biznes-planları var idi, bu işləri həyata keçirməyə bir az ehtiyat edirdik. Ancaq dövlət başçısının bu bəyanatı bizə böyük stimul verdi. Əgər bu ölkənin prezidenti icra nümayəndələrinə birmənalı xəbərdarlıq edib, sahibkarlara açıq dəstək verirsə, bu işləri böyük həvəslə görəcəyik. Artıq başqa ideyaları da həyata keçirmək barədə fikirləşirik.

Dövlət başçısının dəstəyi həm də sahibkarların üzərinə məsuliyyət qoyur. Prezident İlham Əliyev Azərbaycan sahibkarlarını xarici bazarlara çıxmaq, məhsul ixrac etmək istiqamətində aktiv fəaliyyətə, təşəbbüs göstərməyə çağırdı. Məsələn, “Gədəbəy Mineral Suları” MMC tək Azərbaycan səviyyəsində yox, həm də beynəlxalq arenada rəqabətə davamlı məhsul istehsal edərək xarici bazarlara çıxmağa çalışacağıq. Biz çox optimistik.

 

- Ölkədə sahibkarlığın inkişafı ilə bağlı əlavə hansı addımların atılmasına ehtiyac var?

 

- Səmimi olaraq bir reallığı deyim. Azərbaycan 20 ildir müstəqillik qazanıb, bir təfəkkür tərzinin formalaşmasından söhbət gedir. Ola bilər ki, bütün qanunvericilik aktları yerində və mükəmməl olsun. Ancaq dövlət başçımız o formada və açıq şəkildə mesajlarını cəmiyyətə çatdırmasa, o qanunların işləməsi bir az çətin olar. Bizim prezidentin sözünə ehtiyacımız var idi və dövlət başçısı həmin konfransda o sözü dedi. Bu, Azərbaycanda özəl sektorun, ümumiyyətlə, iqtisadiyyatın inkişafına birmənalı dəstəkdir. Biz sahibkarlar bir daha hiss etdik ki, ən yüksək səviyyədə sahibimiz, bizi dəstəkləyən dövlət başçımız var. Əmin olduq ki, Azərbaycan iqtisadiyyatının inkişafı yönündə pozitiv işlər görən, Vətənini sevən və dövlətçiliyimizi dəstəkləyən sahibkarlar üçün bir meydan var.

 

- Yeri gəlmişkən, “Gədəbəy Mineral Suları” MMC-nin daxili və xarici bazarlara çıxışı, məhsul satışı sahəsində durumu necədir?

 

- Şirkətimiz ciddi uğurlara imza atmaqdadır. Bunun bir neçə səbəbi var.  Kiçik Qafqazın içməli su mənbələrində olan suların keyfiyyəti başqa bölgələrə nisbətən daha yüksəkdir. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, alıcılar öncə malın qablaşdırılmasına və paketlənməsinə fikir verirlər, amma vacib şərtlərdən biri də suyun keyfiyyətidir. Suyun əsas cəhəti onun yüngül olmasıdır. Yüngül sular içilərkən insana rahatlıq gətirir, maddələr mübadiləsi, həzm prosesi normallaşır. Bizim, “Gədəbəy Mineral Suları” MMC-nin qablaşdırılmış içməli sularının istehsal fabriki Gədəbəy rayonunun Zəhmət kəndində yerləşir. “Slavyanka 1”, “Gədəbəy” markalı mineral suların uğur qazanmasının əsas səbəbi fabrikin su mənbəyinin yanında yerləşməsidir. Fabrikimizdəki bütün avadanlıqlar Almaniya və Türkiyədən gətirilib və yüksək texnologiyalara aiddir. Bütün istehsal prosesi əl toxunuşu olmadan aparılır. Bundan başqa, istehsal zamanı suyun mineral və təbii tərkibinə təsir edəcək filtrlərdən istifadə edilmir. Biz yalnız mexaniki filtrlərdən istifadə edirik. Suyun təbii, özünəməxsus dadını, suyun tərkibindəki ionların təbii nisbətini və digər keyfiyyətlərini qoruyub saxlayırıq.
Bir məqamı da qeyd etmək istəyirəm. Yapon alimi Massarinin apardığı tədqiqatlara əsasən müəyyən edilib ki, suyun yaddaşı var. Bunu nəzərə alaraq, bulaqdan gələn suların su deposuna tökülən yerində, deponun içərisində “Quran” ayələri səsləndirilir. Zənnimizcə, bizim suların insanlar tərəfindən sevilməsində və xoş qarşılanmasında bunun çox böyük rolu var.
Bir şirkət olaraq satış-marketinq işlərini yüksək səviyyədə qurmuşuq. Mütəmadi olaraq radioda, televiziyada, mətbu KİV-də “Slavyanka 1”, “Gədəbəy” sularına aid reklamlar və video çarxlar verilir və çalışırıq ki, əhali su haqqında daha ətraflı məlumat alsın.
Satış dinamikamız müsbətdir. Hər il satış 30-40 faiz civarında artım qeyd alınır. Paletlənmiş məhsullar böyük yük maşınları vasitəsilə Azərbaycanın istənilən nöqtəsinə çatdırılır. Xarici bazarlara gəlincə, məhsullarımızı hələlik Rusiyanın paytaxtı Moskvada satırıq. Hələlik istehsal gücümüz həm Azərbaycan, həm də xarici bazarlara böyük həcmdə məhsul çıxarmağa imkan vermir. Yaxın perspektivdə istehsal gücümüzü artırmağı planlaşdırırıq, bu məqsədlə yeni avadanlıqlar alınacaq. İstehsal gücümüzü artırdıqdan sonra Rusiyanın digər regionlarında da məhsullarımızın satışını təşkil etmək niyyətindəyik. Eyni zamanda yaxın 1-2 il ərzində ərəb ölkələrinə məhsul ixracı planını da həyata keçirməyə çalışacağıq.   

Onu da qeyd edim ki, “Gədəbəy Mineral Suları” MMC keyfiyyətin idarə olunması ilə bağlı “İS0-9001” və ərzaq təhlükəsizliyi ilə bağlı “İSO- 22000” beynəlxalq sertifikatlarına layiq görülüb. Bu, dünyada qəbul edilmiş bir sertifikat formasıdır. Keyfiyyətin idarə edilməsi və ərzaq təhlükəsizliyi ilə bağlı işimizi beynəlxalq səviyyədə qurduğumuz qəbul edilib. Bizim şirkətin qazandığı uğurlarda Gədəbəy rayonunun Zəhmət kəndində yerləşən istehsal fabrikimizin müdiri Zərdabi Nağıyevin böyük rolu var və ona da təşəkkürmü bildirirəm.

İstəyirik ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən digər şirkətlər də böyük uğurlar qazansınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1663
avatar

Oxşar yazılar