Prezident Vyanada Avstriya-Azərbaycan biznes forumunda iştirak edib
13 may 2013 23:51 (UTC +04:00)

Prezident Vyanada Avstriya-Azərbaycan biznes forumunda iştirak edib

Mayın 13-də Vyanada Avstriya-Azərbaycan biznes forumu keçirilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev və Avstriya Respublikasının prezident Haynts Fişer biznes forumda iştirak ediblər.

Tədbiri açan Avstriya Ticarət Palatasının başçısı Kristof Laytl Azərbaycanın inkişafındakı xidmətlərinə görə prezident İlham Əliyevi təbrik edib.

 “Bu gün Azərbaycanda çoxlu iri layihələr həyata keçirilir”, - deyən K.Laytl bildirib ki, bu layihələr bir çox sahələri əhatə edir və Azərbaycanda əməkdaşlıq baxımından yaxşı potensial mövcuddur.


Avstriya prezidenti Haynts Fişer bu biznes forumu iki ölkə arasındakı iqtisadi əməkdaşlığın göstəricisi kimi xarakterizə edib.O,qeyd edib ki, Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişlənir. Artıq Azərbaycan Avstriya şirkətləri üçün münbit bazara çevrilib.


Ölkələr arasında ikitərəfli əməkdaşlığın bir çox sahələri əhatə etdiyini deyən Haynts Fişer turizm, xidmət və bank sektorlarını konkret misallar kimi göstərib. Qeyd edib ki, 2011-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumundan sonra əməkdaşlıq xeyli genişlənib və iş adamlarının budəfəki görüşü iqtisadi əlaqələrin inkişafında mühüm addım olacaq. Bunu deməyə əsas verən ən mühüm amil isə ölkələrin yüksək siyasi əməkdaşlığa malik olmasıdır.


Prezident İlham Əliyev bir çox Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini və Azərbaycanın iqtisadi inkişafına töhfə verdiklərini qeyd edib.

 “Memarlıq abidələrindən tutmuş hava limanına və Azərbaycanın rəmzlərindən biri olan Qız qalasının bərpasına qədər bir çox sahələrdə çalışan Avstriya şirkətləri sürətlə müasirləşən Azərbaycanın inkişafına töhfə verirlər” - deyən, İlham Əliyev ölkəmizin iqtisadi uğurları barədə məlumat verib. Bildirib ki, hazırda regionda ən böyük layihələri reallaşdıran Azərbaycan artıq öz peykini orbitə buraxıb. Qarşıda duran əsas məsələ isə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır.


Enerji sahəsində Avstriya ilə əməkdaşlığın uğurlu olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq üzərində qurulub. Təsadüfi deyil ki, Azərbaycan Xəzərin enerji resurslarını dünyaya açan ilk ölkə kimi tarixə düşüb. Bu gün Azərbaycan neft-qaz kəmərləri sistemi ilə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır.


“Avstriya şirkətləri bizim əsas tərəfdaşlarımızdır” - deyən, dövlətimizin başçısı biznes forumun işinə uğurlar arzulayıb və bu ölkənin iş adamlarını Azərbaycana dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823
avatar

Oxşar yazılar