Ölkədə inşaat işlərinin aparılması üçün beş ay ərzində əsas kapitala 5.8 milyard manat vəsait yönəldilib, 3.7 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülüb. Lent. az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İnvestisiya qoyuluşu 2012-ci ilin müvafiq dövrünə nisbətən 27.4 faiz, tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi 42.5 faiz artıb.
Əsas kapitala yönəldilən vəsaitin 4.2 milyard manatını və ya 73.4 faizini daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 22.3 faiz, xarici investisiya 44.1 faiz yüksək olub.
Yanvar-may aylarında ümumi sahəsi 664.4 min kv. metr yaşayış evləri, 2818 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 457 yerlik məktəbəqədər təhsil müəssisələri, 724 yerlik klub istifadəyə verilib.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7019.0 milyon manat vəsaitin 2474.7 milyon manatından istifadə olunub.