Qarabucaq-Müsüslü mənzilində 8,6 km yol əsaslı təmir olunur
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 8-17 mart tarixlərində Qarabucaq-Müsüslü mənzilində 8,6 kilometr yol əsaslı təmir olunacaq.
Bununla da Bakı-Böyük Kəsik istiqamətində 200 kilometrin təmiri baş çatacaq. Bu gün səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km köhnə yol sökülüb. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 193 km yol əsaslı təmir olunub.