Son zamanlarda bankların dollar qəbul etməməsi ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub.
Belə ki, şikayətlərdə ölkədəki bir çox bankların köhnə dollarları qəbul etmədiyi bildirilir. Maraqlıdır, görəsən, bankların köhnə dolları qəbul etməməsinin səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Lent.az-a açıqlamasında bildirib ki, banklar və mübadilə məntəqələri dolları ucuz alıb, üzərinə müəyyən qədər marja qoyub baha satmağa çalışır.
Onun sözlərinə görə, ötən ilin sonlarından köhnə dolların banklarda götürülməməsi ilə bağlı şayiələr yayılmağa başladı:
“Əgər hansısa bank dolları götürməyibsə, bu o demək deyil ki, məsələ qlobaldır. Çünki ABŞ dolların sahibidir. Bu səbəbdən tarixindən asılı olmayaraq, buraxdığı bütün dolları qəbul edir. Azərbaycan banklarından isə bunu mütləq şəkildə tələb etməyin hüquqi əsası yoxdur. Çünki ölkə bankları manatla əməliyyat etməyə borcludurlar. Məhz buna görə də kommersiya banklarını ittiham etmək düzgün deyil. Çünki həmin banklar dolları satmaq üçün alırlar. Əgər həmin dolları sata bilməyəcəksə, almır. Amma köhnə dollar qüvvədən düşmür, yeni dollarla eyni alış gücünə malikdir”.
Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, köhnə, təzə dollar bazarda dolların kağızının rənginə və istehsal ilinə görə təsnifləşdirilir:
"Halbuki, istehsalı 2006-ci ilədək olan və 2006-ci ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar. Onların qəbulunda heç bir problem yoxdur. Kimsə bu məsələni qaldırıb deyə, ona görə əhali banklardan bu dollarları almır. Əhali bu dollarları almadığına görə, həmin pullar bankda qalır. Banklarda bu pulları xaricə göndərir və xaricdən yenidən pullar sifariş edir. Bu prosesdə banklar müəyyən komissiya ödəyirlər”.