Bakıdan Böyük Kəsiyə doğru daha 2256 metr... - FOTO
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”-nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 8-9 avqust 2012-ci ildə Dəliməmmədli-Zazalı mənzilində daha 2256 metr yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri iki gün davam edəcək. Qeyd edək ki, bu günə kimi 104 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərinə Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
689