Telekommunikasiya üzrə Beynəlxalq Reqlament dəyişəcək
04 dekabr 2012 11:16 (UTC +04:00)

Telekommunikasiya üzrə Beynəlxalq Reqlament dəyişəcək

Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə 160-dan çox üzv ölkədən 2000-nə yaxın nümayəndənin iştirak etdiyi Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (WCIT-12) öz işinə başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycanı konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başçılığı altında nümayəndə heyəti təmsil edir.

İki həftə davam edəcək tədbirdə 1988-ci ildə Avstraliyanın Melburn şəhərində qəbul edilmiş Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentə yenidən baxılacağı, əlavə və düzəlişlər olunacağı nəzərdə tutulur Konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə BTİ-yə üzv dövlətlərinin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək reqlamentin yeni mətnini formalaşdırmaqdır. Tədbirin açılışında BMT-nin baş katibi Pan Gi Munun konfrans iştirakçılarına video müraciəti nümayiş etdirilib.

Konfrans zamanı geniş zolaqlı xidmətlərin tətbiqi, bu sahəyə daha çox investisiyaların cəlb olunması, qlobal internet idarəçiliyinin modelinin müəyyən olunması, kiber- təhlükəsizlik üzrə vahid istiqamətin formalaşması, rouminq xidmətlərində şəffaflığın təmin olunması və bu kimi digər sahələr üzrə fikir mübadiləsi aparılacaq və reqlamentin yeni layihəsi qəbul olunacaq. Konfransın ikinci həftəsində rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı nəzərdə tutulur.
# 748

Oxşar yazılar