Səlim Müslümov: “Real əməkhaqqının məbləği gizlədilir”
15 noyabr 2012 14:10 (UTC +04:00)

Səlim Müslümov: “Real əməkhaqqının məbləği gizlədilir”

Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Mslümov Fondun 2013-cü il üçün nəzərdə tutulan büdcə layihəsi barədə məlumat verib. Lent.az-ın verdiyi məlumata görə, Səlim Müslümov bildirib ki, gələn il 5,7 faiz inflyasiya proqnozlaşdırılır.

Fond sədri deyib ki, gələn il də kişilərin pensiyaya çıxma yaşı 63 yaş, qadınlar üçün 59 yaş götürülüb. Məcburi sosial sığorta haqları sahəsində isə dəyişiklik yoxdur. İşə götürənlər üçün bu, 22 faiz, işləyənlər üçün isə 3 faizdir. Gələn il 1 milyon 239 min nəfərin pensiya alacağı, bu sistemi 50 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır. Ailə başçısını itirməyə görə müavinətin həcmi gələn il 128 manat olacaq.

Səlim Müslümov qeyd edib ki, əmək qabiliyyəti və hamiləliyə görə müavinətin məbləğinin keçən illə müqayisədə 3 milyon manat azaldılmasına aydınlıq gətirib: “Bu ilin 10 ayının statistikası göstərir ki, əmək qabiliyyətinin itirilməsi səviyyəsinin azaldır. Ona görə də gələn il üçün bu məbləğ azaldılıb. Bu da ölkədə səhiyyə xidmətlərinin səviyyəsinin yüksəlməsi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlıdır”.

DSMF sədri gələn il dəfn xərcləri üçün 20 milyon manat ayrıldığını nəzərə çatdırıb. Onun sözlərinə görə, sanatoriya-kurort xərcləri keçən illə müqayisədə artırılıb və 17 milyon manata çatdırılıb. Səlim Müslümov vurğulayıb ki, DSMF-in gəlirlərindəki artımda məcburi dövlət sığorta haqlarının yığılması hesabına artım əsas yer tutur, gələn il məcburi dövlət sığorta haqların 134 milyon manat artım olacaq: “Gələn il pensiyalar 9,1 faiz artaraq 163 manata çatacaq. İlk dəfə pensyia məbləği 200 dolların üzərinə qalxacaq”.

Spiker Oqtay Əsədov isə DSMF sədrinə sual verib: “Yığımlardan yayınmaların qarşısını almaq üçün DSMF-in bankda hesabları bağlamaqdan başqa nə çıxış yolu var?”

Səlim Müslümov deyib ki, Azərbaycanda məşğul əhalinin yalnız 31,7 faizi müqavilələr əsasında muzdla işləyənlərdir: “Bütün bunlar onu göstərir ki, iqtisadiyyatda böyük iş yerlərinin açılmasına baxmayaraq, iş yerləri qeydiyyatdan izlədilir. Prezident də bu məsələni kəskin şəkildə qaldırdı. Əsas məsələ real əməkhaqqılarının gizlədilməsidir. Cədvəllərdə əməkhaqqıları real əməkhaqqılarından 2 dəfədən çox aşağı göstərilir. DSMF iqtisadiyyatın sahələrinə uyun olaraq minimum əməkhaqqı müəyyənləşdirəcək, normalar müəyyənləşəcək”.

Spiker bununla gizlədilən pulların pensiyaya yönəldilməsinə nail olunacağını bildirib. Səlim Müslümov da bunu təsdiqləyib.

Vitse-spiker Ziyafət Əsgərov da AZAL-da çalışanların bələdçilərin və digər əməkdaşların əməkhaqqı və pensiyalarının artırılmasının mümkünlüyü ilə bağlı DSMF sədri Səlim Müslümova sual ünvanlayıb.

DSMF sədri bildirib ki, 2007 il yanvarın 1-dən məhdudiyyət qoyulmayan əməkhaqqı əsasında pensiyaya çıxıblar: “AZAL işçiləri son illər aldıqları maaş əsasında onlara yüksək pensiya təyin edildi. 2010-cu il yanvarın 1-dən bu qayda aradan qaldırıldı və staja görə pensiya hesablanmağa başlandı. Ona görə də indi AZAL-dan pensiyaya çıxanlar nisbətən aşağı pensiya alırlar. Pilotlarla kabinə əməkdaşları arasında əməkhaqqı fərqini isə araşdırarıq. Uçuşda qadınlar 20, kişilər 25 il staj topladıqda, pensiya almaq hüququ qazanırlar. Onlar işləyərək həm əməkhaqqı, həm də pensiya ala bilirlər. Yəqin ki, kabinədə çalışanlar bunu nəzərdə tuturlar”.

DSMF sədri bankomat probleminin də həll ediləcəyini vəd edib: “Mən sifariş verən qurumun rəhbəri kimi bankların rəhbərlərini bu günlərdə toplayacağam və bu məsələni qaldıracağam”.

DSMF sədri 8 min Qarabağ əlil və veteranlarının müavinət və pensiyalarının qaldırılması məsələsinin hökumətdə müzakirə oluna biləcəyini söyləyib. O, yeni doğulan uşaqlarla bağlı ödənilən müavinətə də toxunub: “Bu, ehtiyac meyarına görə müəyyənləşdirilir və gələn il 85 manata qədər qaldırılacaq. Demoqrafik problem olmadığı üçün bu vəsait artırılmaya da bilər. Bütün doğulan uşaqların analarının yalnız kiçik bir hissəsi - 30 mini işləməyən qadınlardır, məcburi sosial sığorta ödəmirlər. Lakin biz bu məsələyə də yenidən baxa bilərik. Ancaq ən əsas məsələ əməkhaqqılarının leqallaşdırılmasıdır. Burada tərəzinin iki qolu var. Biz işə götürənlərin üzərinə düşsək, istənilən effekt verə bilməz. Əmək müqaviləsini yoxlasaq, effekt verməyəcək. Çünki müəssisə rəhbərləri əməkhaqqının səviyyəsini azaldacaqlar. Əmək əməkhaqqını yoxlasaq, o halda işçinin sayını azaldacaqlar. Burada orta bir yanaşma metodu tapmaq lazımdır”.

Bununla da DSM-in 2013-cü il üçün büdcə layihəsinin müzakirəsi başa çatıb.


# 2555

Oxşar yazılar