Komitə sədri hökumətə tövsiyələr verdi
13 noyabr 2012 12:41 (UTC +04:00)

Komitə sədri hökumətə tövsiyələr verdi

Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verib.

O, büdcənin neft amilindən asılılığı barədə tənqidləri əsaslı saymayıb. Ziyad Səmədzadə deyib ki, gələn il neft sektorunda azalma proqnozlaşdırılsa da, ümum daxili məhsulda (ÜDM) 5,3 faiz artım məhz qeyri-neft sektorunun hesabına baş verəcək. Onun sözlərinə görə, vergi mədəniyyətinin yüksəlməsi və qeyri-neft sektorunun strukturunun asanlaşması büdcə problemlərini aradan qaldırır. İqtisadi siyasət komitəsinin sədri qeyd edib ki, gələn il qeyri-neft sektorunda 11 faiz, büdcədə 22 faiz artım gözlənilir: “İxrac edilən məhsulları əlavə dəyər vergisindən azad etməliyik. Bir çox ölkələrlə ticarət dövriyyəmizin balansı mənfidir, onların adını çəkmirəm. Bu məsələni diqqət mərkəzində saxlamalıyıq, mənfi balansı aradan qaldıra bilərik”.

Ziyad Səmədzadə yerli büdcə xərclərinin artdığını nəzərə çatdırıb: “Yetişdirdiyimiz məhsulları vaxtında xarici bazarlara çatdırsaydıq, yerli xərclər arta, büdcədən dotasiyalar azala bilərdi. Real sektora diqqət yetirən, iş yerləri yaradan ölkələrdə sabitlik və inkişaf olur. Maşınqayırma müəssisələri, Gəncə Traktor Zavodları və digərləri açılır. Bizim maşınqayırma sənayemiz büdcədə ayrıca blok halında əksini tapmalıdır. Azərbaycan kimi ölkədə maşınqayırmanın çəkisinin hələlik az olması təəssüf doğurur. Azərbaycanda adambaşına 15 manatlıq yüngül sənaye məhsulu istehsal edilir. Gələn il 17 manat olacaq. Bu, çox aşağı rəqəmdir. Bu gün Azərbaycan xalqı geyinir, yüngül sənayemizin inkişafını diqqət mərkəzində saxlamalıyıq”.

Komitə sədri Avropa Birliyi ölkələrində aqrar sektora dəstəyin daha real xarakter daşıdığını söyləyib: “Dotasiyanı, subsidiyalaşmanı da təkmilləşdirmək lazımdır. Gəncə Kənd Təsərrüfatı İnstitutu (Aqrar Universitet) sovetlər dövründə, 1980-cı illərdə təxminən 11 mindən artıq aqronom-zootexnik hazırlayıb. İndi isə bu məsələ havadan asılı vəziyyətdə qalıb. Bu, həqiqətən millətin gələcəyidir. Bu məsələyə mütləq dövlət dəstəyi lazımdır. Yeni toxumlar, cinslər gəlir. Bunu balaca Kənd Təsərrüfatı Nazirliyinə tapşırmaq olmaz”.

Ziyad Səmədzadə Neft Fondundan büdcəyə transfertlərin artdığını və bunun gələcəyə hesablandığını söyləyib: “Böyük layihələr həyata keçirilir. Məsələn, bu pulların əhəmiyyətli hissəsi neft-qaz, kimya sənayesinin yenidən qurulması və inkişafına yönəldilib. Neft-qaz, kimya sənayesinin inkişaf etməsi Azərbaycanın ixrac potensialını artıracaq, bunlar gələcəyə hesablanmış addımlardır. Bu sahədə bir gün də gecikmək olmaz”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744

Oxşar yazılar