Parlamentdə büdcə müzakirələri başladı
13 noyabr 2012 12:12 (UTC +04:00)

Parlamentdə büdcə müzakirələri başladı

Bu gün Milli Məclisdə büdcə zərfinin müzakirəsi başlayıb. Lent.az-ın verdiyi məlumata görə, büdcə zərfinə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası və Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası daxildir.

Milli Məclisdəki müzakirələrdə baş nazir Artur Rəsi-zadə, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər nazirlik və dövlət qurumlarının rəhbərləri qatılıb.


Qeyd edək ki, gələn il üçün büdcə gəlirləri 19 154 mln. manat, xərcləri 19 810 mln. manat, kəsiri isə 656 mln. manat səviyyəsində nəzərdə tutulur. Büdcə gəlirləri üzrə 12,4%, xərcləri üzrə isə 12,1% artım gözlənilir.

Büdcə gəlirlərinin strukturunda 11 350 mln. manat və ya 59,3%-i Dövlət Neft Fondundan daxilolmalar, 6 400 mln. manat və ya 33,4%-i Vergilər Nazirliyi üzrə daxilolmalar, 1 380 mln. manat və ya 7,2%-i Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar, 5 mln. manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və 19 mln. manatı sair daxilolmaların payına düşür. Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 3 760 mln. manatı və ya 58,8%-i qeyri-neft sektorunun payına düşür. Vergi daxilolmalarının həcmi 2012-ci ilin proqnozuna nisbətən 8,3% çox nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi isə 212-ci ilin proqnozuna nisbətən 15% çox nəzərdə tutulur.

Eyni zamanda xərclərinin strukturunda əsas yeri dövlət əsaslı vəsait qoyuluşu tutacaq. Bu xərclərin həcmi 6 915,2 mln. manat və ya ümumi büdcə xərclərinin 34,9%-ni təşkil edir. Dövlət əsaslı vəsait qoyuluşların illik artım tempi 19,8%-lik səviyyəsində gözlənilir.

Bundan əlavə büdcə xərclərinin strukturunda əsas xərclərinin sırasında 1 813,6 mln. manat sosial müdafiə və sosial təminat xərcləri, 1 802 mln. manat ümumi dövlət xidmətləri üzrə xərcləri, 1 530,4 mln. manat təhsil xərcləri, 1 528,6 mln. manat müdafiə xərcləri, 1 081,8 mln. manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərini qeyd etmək olar. Bu ilin proqnozlarına nisbətən sosial müdafiə və sosial təminat xərcləri gələn il 1,6%, ümumi dövlət xidmətləri üzrə xərcləri 52,7%, təhsil xərcləri 1,2%, müdafiə xərcləri 8,6%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 12,2% səviyyəsində artım gözlənilir.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1682

Oxşar yazılar