BMT «Saxarov»çuların azadlığını tələb edib
02 noyabr 2012 22:34 (UTC +04:00)

BMT «Saxarov»çuların azadlığını tələb edib

BMT İran hakimiyyətindən həbsdə saxlanan vəkil və hüquq müdafiəçisi Nəsrin Studə və kinorejissor Cəfər Pənahinin azadlığa buraxılmasını tələb edib. Onların hər ikisi bu günlərdə Avropa Parlamentinin fikir azadlığına görə təsis etdiyi akademik Saxarov mükafatına layiq görülüblər.

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid bəyanat yayıb: “Mən özəlliklə Studənin durumundan nigaranam. Zindanın ağır şəraitinə və ailə üzvlərinə qarşı qoyulan məhdudiyyətlərə etiraz olaraq aclıq aksiyası keçirən xanım Studənin səhhəti kəskin pisləşməyə doğru gedir”.

İki uşaq anası olan 47 yaşlı Studə 2010-cu ildə siyasi ittihamlara görə edama məhkum edilən fəal qadınlarla yeniyetmələrin vəkilliyini qəbul etdiyi üçün tutularaq, 11 il həbsə məhkum edilib.

Sonradan apellyasiya məhkəməsində həbs müddəti 6 ilə endirilib və Nəsrin Studənin vəkil kimi fəaliyyət göstərməsinə 10 il qadağa qoyulub. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib.

Lent.az-ın BMT mətbuat mərkəzinə istinadən məlumatına görə, insan haqları üzrə özəl məruzəçi Marqaret Səkaqqiyə onların həbsdə saxlanılması ilə bağlı bunları bildirib:«Xanım Studə və cənab Pənahinin həbsi onların insan haqlarının müdafiə sahəsində fəaliyyəti ilə bağlıdır. Bu isə insan haqlarının qoruması sahəsində beynəlxalq standartların birbaşa pozulmasıdır»

Azərbaycanlı kinorejissor Pənahi 2010-cu ildə 6 il azadlıqdan məhrumetmə cəzası alıb. Tehran məhkəməsi Pənahinin 20 il müddətinə kino fəaliyyətinə, ssenari yazmasına və ölkədən çıxmasına da qadağa qoyub. O, müxalif “yaşıl hərəkat” və onun liderlərindən olan Mirhüseyn Musəviyə dəstək verməkdə, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı sənədli film çəkməkdə günahlandırılıb. Pənahi həmin il mayın 25-də 200 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Yeri gəlmişkən Tehranın Evin zindanında saxlanan 9 qadın siyasi məhbus zorakılığa qarşı etiraz olaraq aclıq aksiyasına başlayıb.
Zindanın qadınlardan ibarət özəl mühafizə qüvvəsindən 20 qadın siyasi məhbusların saxlandığı kameraya hücum çəkib, dustaqlara zorakılıq tətbiq edib və onları saatlarla zindan həyətində saxlayıb.

Aclıq aksiyasına başlayan siyasi məhbuslar xanımların adlarını diqqətinizə çatdırırıq: Bəharə Hidayət, Nazənin Deyhimi, Jila Bəniyaqub, Şiva Nəzərahari, Məhsa Əmrabadi, Həkimə Şükri, Jila Kərəmzadə - Məkvəndi, Nəsim Sultanbeygi və Rahilə Zəkai.

Aclığa başlayan məhbuslar zindan rəsmilərinin onlardan üzr istəməsini və bu kimi hərəkətlərin bir daha təkrar olunmayacağı haqda təminat verilməsini istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar