Mallara gömrük təminatı necə vurulacaq? – QAYDA
02 noyabr 2012 10:08 (UTC +04:00)

Mallara gömrük təminatı necə vurulacaq? – QAYDA

Nazirlər Kabineti “Mallara gömrük təminatının vurulması Qaydaları”-nı təsdiqləyib. Lent.az-ın verdiyi məlumata görə, bu qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb və gömrük orqanları tərəfindən gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması qaydalarını, habelə gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulması, onun dəyişdirilməsi, çıxarılması şərtlərini və onlara müdaxilə oluna biləcəyi halları müəyyən edir.

Mallar gömrük nəzarəti altında yerləşdirilərkən gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən vurulur. Malların növündən və daşınma xüsusiyyətlərindən asılı olaraq, gömrük orqanının vəzifəli şəxsi eyniləşdirmə vasitələrini seçmək hüququna malikdir. Seçilmiş eyniləşdirmə vasitələri gömrük orqanının vəzifəli şəxsi tərəfindən konteynerlərin və nəqliyyat vasitələrinin mallara müdaxilə imkanları olan yerlərinə aşağıdakı şərtlərə riayət edilməklə vurulur:

- gömrük təminatı elə vurulmalıdır ki, onu sındırmadan və ya zədələmədən mallara kənardan müdaxilə mümkün olmasın;
- gömrük təminatı sadə və etibarlı üsulla vurula bilən olmalıdır;
- yüklərin yerləşdirilə biləcəyi bütün yerlər gömrük baxışı üçün əlçatan olmalıdır.
Gömrük təminatının vurulması yerlərini müəyyənləşdirmək mümkün olmadıqda, mallar bağlamalara yerləşdirilir. Gömrük təminatı ona müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik olmalıdır. Hər bir gömrük təminatı xüsusi eyniləşdirmə işarələri ilə fərqlənməli və bu işarələr haqqında məlumat malların müşayiətedici sənədlərində qeyd edilməlidir.
Mallar gömrük nəzarəti altında bağlamalara yerləşdirilərkən onların gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanlarının vəzifəli şəxsi tərəfindən bu qaydalarda qeyd olunan tələblər nəzərə alınmaqla vurulur. Malların yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatı aşağıdakı hallarda dəyişdirilir:
- gömrük orqanları tərəfindən malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanılması zamanı;
- gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və nümunələr götürüldüyü zaman;
- gömrük orqanının icazəsi ilə mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən bağlamalara digər mallar əlavə edildiyi və ya bağlamalardan malların bir hissəsi çıxarıldığı zaman.
Gömrük təminatının dəyişdirilməsinə nəzarət edən gömrük orqanının əməkdaşı malların müşayiətedici sənədlərində zədələnmiş gömrük təminatının işarələrini yeni gömrük təminatı işarələri ilə əvəzləyir və bunu şəxsi nömrəli möhürü və imzası ilə təsdiq edir. Malların yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatı aşağıdakı hallarda çıxarılır:
- fors-major hallarında mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədi ilə;
- gömrük nəzarətindən keçməli olan malların gömrük yoxlaması həyata keçirildikdə;
- gömrük rəsmiləşdirilməsi başa çatdıqda;
- gömrük məqsədləri üçün gömrük orqanının vəzifəli şəxsinin çıxardığı qərara əsasən.
Malların yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatına aşağıdakı hallarda müdaxilə olunur:
- təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti həyata keçirildikdə;
- nəzarətli göndəriş zamanı mallar götürüldükdə, tam və ya qismən əvəz edildikdə.
Mallara və onların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulması imkanı olmadıqda onları daşıyan nəqliyyat vasitələrinin kənardan müdaxiləni istisna edən yük bölmələrinə gömrük təminatı vurulmalıdır.
# 978

Oxşar yazılar