Rusiyadan Xəzəryanı ölkələrə yeni təklif
31 oktyabr 2012 13:49 (UTC +04:00)

Rusiyadan Xəzəryanı ölkələrə yeni təklif

Rusiya, Azərbaycan və Qazaxıstandan olan rəsmilərin və ekspertlərin qatıldığı konfransda dənizin indiki durumu müzakirə olunub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji siyasət şöbəsinin rəisi Rasim Səttarzadə bildirib ki, artıq elə bir vəziyyət yetişib ki, Azərbaycan qonşu Xəzəryanı ölkələri quruda yerləşən mənbələrdən Xəzər dənizinin çirklənməsinin qarşısını almağa çağırır. O qeyd edib ki, çayların quruda yerləşən mənbələrdən gətirdiyi çirkləndirici maddələr, Xəzər dənizinin mühafizəsi bu gün ən vacib məsələdir. Nazirlik rəsmisi Azərbaycanda mövcud olan və Xəzər dənizinin sahilində yeni sutəmizləyici qurğuların tikintisinin müasirləşdirilməsi üzrə geniş iş aparıldığını qeyd edib. Onun sözlərinə görə, bundan başqa, Sumqayıtda yeni təmizləyici qurğu qurulub və ölkənin bütün bölgələrində bu işlər davam etdiriləcək. R.Səttarzadə Tehran Konvensiyasında əsas diqqəti Xəzər dənizinin çirklənməsi, gəmilərdən çirklənməyə qarşı qorumaq üçün tədbirlərin nəzərdə tutulduğunu bildirib: “Xəzər dənizinin bioloji müxtəlifliyin qorunması, Xəzər birgə monitorinqlərin sayını artırmağa ehtiyac var. Dənizin çirklənməsi daha çox karbohidrogenlərin hasilatı ilə bağlı deyil, sadəcə neft hasilatı risklərin azaldılması üçün müşahidələr aparılmalıdır”.

Konfransda Rusiya tərəfi isə yeni təkliflə çıxış edib. Rusiyalı ekspert Aleksey Kuçeykonun sözlərinə görə, Rusiya təklif edir ki, gələn ildən etibarən Xəzər dənizinin vahid monitorinq sistemi yaradılsın.

O qeyd edib ki, Xəzər dənizində hər bir sahilyanı dövlət öz sektorunun qismən kosmik analizini aparır: “Məsələn, Rusiyada kosmik analiz “LUKOYL” şirkətinin sifarişi ilə aparılır. Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası çərçivəsində həmin sistemləri vahid şəkildə birləşdirmək mümkündür”. Onun sözlərinə görə, bu təşəbbüs kapital tutumlu ola bilər, lakin o, Xəzərdə baş verən proseslərin araşdırılması üçün yeni imkanlar açır: “Birgə monitorinqlər proqramı Xəzər akvatoriyasına açıq gözlə baxmağa imkan verəcək”.

Mübariz Aslanov
# 1864

Oxşar yazılar