Moskvanın məşhur “Aktyor” qalereyası Azərbaycanın mülkiyyətinə keçə bilər - FOTO
31 oktyabr 2012 11:17 (UTC +04:00)

Moskvanın məşhur “Aktyor” qalereyası Azərbaycanın mülkiyyətinə keçə bilər - FOTO

Moskvanın mərkəzində, Tver küçəsində yerləşən “Aktyor” qalereyası Azərbaycanın mülkiyyətinə keçə bilər. Lent.az-ın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan Dövlət Neft Fondu Rusiya Federal Antiinhisar Xidmətinə “Tverskaya, 16” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin alınması ilə bağlı müraciət edib.

Nizamnamə kapitalı 159,8 milyon rubl olan “Tverskaya, 16” Açıq Səhmdar Cəmiyyətinin yeganə mülkiyyəti “Aktyor” qalereyasıdır. Azərbaycan Dövlət Neft Fondunun İnvestisiya Departamentinin əməkdaşı Ruslan Əkbərov “İzvestiya” qəzetinə açıqlamasında deyib ki, səhmlərin alınması barədə yekun qərar hələ qəbul olunmayıb. Onun sözlərinə görə, Neft Fondu hazırda Rusiyada daşınmaz əmlak alınması ilə bağlı səlahiyyətli şəxslərlə danışıqlar aparır. Neft Fondu Rusiyanın dövlət səhmlərinə və Rusiyanın böyük şirkətlərinin səhmlərinə 700 milyon dollar investisiya da qoymaq niyyətindədir.

Qeyd edək ki, “Aktyor” qalereyası 1882-ci ildə tikilib. Sovetlər dönəmində bu binada Ümumrusiya Teatr Cəmiyyəti, Aktyorlar Evi və eyni adlı restoran yerləşib. 1995-ci ildə yenidənqurma işləri aparılıb. Hazırda qalereyadakı ticarət-iş mərkəzinin sahəsi 18 min kvadratmetrdir. “Aktyor” qalereyası Moskvada məşhur “Armeniə” mağazası ilə üzbəüz yerləşir.
# 2075

Oxşar yazılar