Restoranda hazırlanan kababda bakteriya aşkarlanıb
17 oktyabr 2012 10:49 (UTC +04:00)

Restoranda hazırlanan kababda bakteriya aşkarlanıb

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 26 ünvanda fəaliyyət göstərən fiziki şəxs Yaqub Şayevə məxsus “Topqapı” restoranında aparılan araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, mövcud olan soyuducu kamerada mal qonşuluğu pozularaq yarimfabrikatlar, çiy və bişmiş ət eyni temperaturda saxlanılır, istifadə olunan ətin baytarlıq sənədləri mövcud deyil.

Həmçinin hazırlanan salatların, kabab üçün yarımfabrikatların, pirojkilərin, müxtəlif milli xəmir xörəkləri üçün yarımfabrikatların, blinçiklərin və s. kulinariya məmulatlarının hazırlanma tarixi və yararlılıq müddəti barədə müəssisədə qeydlər aparılmır.

Restoran tərəfindən hazırlanan məhsullardan götürülən nümunələrin laboratoriyada keçirilən sınaqları göstərib ki, “paytaxt” və “manqal” salatları ümumi mikroorqanizmlərin sayına, s.aureus və proteus mikroorqanizimlərinin aşkar edilməsinə, “lülə kabab”ın hazırlanması üçün ət qiyməsi yarımfabrikatında bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə standartın tələblərinə cavab verməyib.

Aşkar olunan nöqsanlarla əlaqədar fiziki şəxs Yaqub Şayevə məxsus “Topqapı” restoranına İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati protokol tərtib edilib, cərimə edilib, “paytaxt” və “manqal” salatlarının, “lülə kabab” üçün yarımfabrikat ət qiyməsinin hazırlanması və satışı qadağan olunub.
# 1759

Oxşar yazılar