Mənzil növbəsində duranlara torpaq sahələri verilə bilər
14 avqust 2012 14:01 (UTC +04:00)

Mənzil növbəsində duranlara torpaq sahələri verilə bilər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ev tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin sadələşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etmək niyyətindədir.

«APA-ECONOMICS»in məlumatına görə, bunu AHİK sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti, AHİK və Azərbaycan Sahibkarlar Konfederasiyasının imzaladığı Baş Kollektiv Sazişdə nəzərdə tutulub ki, uzun müddət mənzil növbəsində duran vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün onlara heç olmasa torpaq sahəsi verilsin ki, insanlar özlərinə ev tiksinlər: «Elə adam var, SSRİ dövründən 30-40 il mənzil növbəsində durub, sonradan zavod dağılıb, onları keçiriblər Bakı şəhər İcra Hakimiyyətinin mənzil növbəsinə və s. Belə problemlər var və biz bunların aradan qaldırılmasını istəyirik».

AHİK sədrinin sözlərinə görə, bu məsələ (işçilərə torpaq ayrılması) respublika səviyyəsində həll edilməlidir: «Rayonlarda da hər hansı kolxoz-sovxoz və ya zavodlarda işləyənlər olub və onlar da vaxtı ilə növbəyə durublar. Onlara da öz rayonlarından torpaq sahəsi verilməsi nəzərdə tutulur».

S.Mehbalıyev bildirib ki, Baş Kollektiv Sazişin imzalanmasından keçən vaxt ərzində hələlik bu sahədə işlər başlanmayıb. Bununla əlaqədar olaraq AHİK hökumətə müraciət edərək müqavilədəki bu bəndi xatırladacaq: «3-4 ay keçəndən sonra məktub yazacağıq ki, sizin bu maddə hələ işləmir, baxın görün bunun həyata keçirilməsi üçün nə etmək olar».

Qeyd edək ki, Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin sadələşdirilməsi Nazirlər Kabineti, AHİK və ASK arasında 2012-2013-cü illər üçün imzalanmış Baş Kollektiv Sazişdə nəzərdə tutulur. Sazişdə bildirilir ki, sənədi imzalayan tərəflər əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi üçün tədbirlər görəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4191

Oxşar yazılar