Milli komandamız ötən gün Moldova yığması ilə hazırlıq oyununda qarşılaşıb. Apasport.az saytının məlumatına görə, komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutan oyun Qurban Qurbanovun əsas komandamızın baş məşqçisi postunda ilk sınağı olub.
46 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu komandanı ilk matça çıxarıb. Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov ən yaxşı bombardiri olduğu millidə fəaliyyətinə qolsuz bərabərliklə başlayıb.
Çoxsaylı dəyişikliklər fonunda komandalar o qədər də fəal nəzərə çarpmayıblar. Qeydə alınan bir neçə nadir hücum isə qolla yekunlaşmayıb.
Yeri gəlmişkən, Azərbaycan və Moldova 10-cu dəfə üz-üzə gəlib. Yubiley duelinədək 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzan komandamız növbəti dəfə bərabərliyə razılaşıb.
Yoldaşlıq oyunu
30 yanvar
Azərbaycan – Moldova - 0:0
Hakimlər: Hüseyin Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşək
“Mardan” stadionu