“Bakı - 2015” Birinci Avropa Oyunları məşəlinin respublikanın bölgələrində gəzintisi davam edir. Ötən gün məşəl əvvəlcə Göygöl rayonuna, daha sonra isə ölkənin ikinci böyük şəhəri Gəncəyə aparılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Göygöl rayonunda məşəl estafetinə Bayraq Meydanından start verilib. Burada məşəli rayon sakini, idman müəlliməsi Təhminə Əliyeva qəbul edib.
Göygöl rayonundan olan 10 idmançı marafon boyu məşəli bir-birinə ötürməklə 3 kilometrədək məsafəni qət edərək, şəhərin mərkəzinə çatdırıblar.
Sonuncu məşəlçi, idman ustası Vüqar İbrahimov məşəli rayonun mərkəzi meydanında qurulan səhnəyə gətirib. Burada qurulan simvolik məşələ od vurulub.
Daha sonra məşəl Gəncə şəhərinə yola salınıb.
Gəncədə on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə çıxıb. Mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib.
Sonra 10 idmançı məşəl yürüşünə çıxıb. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəliblər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirilib. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.
Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər. Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq olub.