Birinci Avropa Oyunlarının məşəl estafetinin növbəti ünvanı Şəmkir rayonu olub.
APA-nın məlumatına görə, “Bakı-2015”-in məşəlini qarşılamaq, onun təqdimatında iştirak etmək üçün mayın 20-də küçə və meydanlara minlərlə rayon sakini çıxıb.
“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini Aysel Salahova qəbul edib və 10 nəfər idmançı məşəli bir-birinə ötürərək Nizami, Əhməd Cavad küçələrindən, eləcə də Heydər Əliyev prospektindən keçərək Gənclər mərkəzinin qarşısına gəliblər.
Sonuncu məşəlçi yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı, üçqat respublika çempionu Vəfadar Mustafayev səhnəyə qalxaraq məşəli ictimaiyyətə təqdim edib. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Gənclər mərkəzinə verilib.
Bildirilib ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb edilib və bütün regionlarda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.